2019-cu ildə xaricdən 3,17 milyon nəfər qonağımız olub

Ötən il Azərbaycana 3,17 milyon əcnəbi vətəndaş gəlib ki, bu da əvvəlki illə müqayisədə təxminən 11,3 faiz artım deməkdir. Gəlmə sayının üstünlük təşkil etdiyi ölkələr Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı olub. Bu ölkələrdən gələnlərin sayı bütün gələnlərin 74 faizini təşkil edib.

Bu məlumat Azərbaycan Dövlət Turizm Agentliyinin “İllik turizm statistikası 2019” jurnalında yer alıb.

Məlumata görə, xarici vətəndaşların təxminən 90 faizi (2,86 milyon nəfər) ölkəmizə turizm məqsədilə gəlib.

Onların 41 faizi istirahət, 30 faizi işgüzar məqsədlə, 25 faizi isə dost və qohumlarını ziyarət etmək üçün ölkəmizə səyahət edib. 2019-cu ildə elektron vizadan istifadə edərək Azərbaycana gələn səyahətçilərin sayı ümumi gələnlərin təxminən 29 faizini təşkil edib (930 min nəfər). Bu da 2018-ci ildə elektron viza istifadəçiləri ilə müqayisədə 36,7 faiz çoxdur. Elektron viza istifadəçilərinin təxminən 82 faizini istirahət məqsədilə gələnlər təşkil edib. Elektron viza istifadəçiləri arasında ən yüksək faiz göstəriciləri İran (17 faiz), Səudiyyə Ərəbistanı (12 faiz), Hindistan (8 faiz), Böyük Britaniya (7 faiz) və Türkiyə (7 faiz) vətəndaşları olub.

2019-cu ildə əcnəbi vətəndaşların ölkəmizdə turizm xərcləri nəqliyyat (35 faiz), yerləşmə (27 faiz), qida (21 faiz) və digər xərclər (17 faiz) üzrə 2,97 milyard manata çatıb. Turist xərcləmələrinin ən böyük hissəsini Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Gürcüstan vətəndaşları edib və bu, ümumi turizm xərcləmələrinin 55 faizini təşkil edir.

Bununla yanaşı, bir turistin xərc miqdarına görə Yaponiya və ABŞ turistləri öndə olub: 2800 manatdan çox.

Növbəti yerlərdə Küveyt (2720 manat), BƏƏ (2640 manat), Qətər (2600 manat), Səudiyyə Ərəbistanı (2580 manat) və Bəhreyn (2570 manat) kimi ərəb ölkələrinin turistləri olub.