Rahatlıq, təhlükəsizlik və dizayn təxəyyüllü bir arada olanda

Son vaxtlar paytaxtımızda əhalinin yol rahatlığını, təhlükəsizliyini təmin etmək məqsədilə inşa olunan yol keçidləri həm də gözoxşayan dizaynı, orijinal memarlıq üslubu ilə diqqət çəkir. Mərdəkan-Zuğulba avtomobil yolunda inşa edilən yerüstü piyada keçidi də buna bir nümunədir.

Sentyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerüstü piyada keçidinin açılışında iştirak edib. Keçid ölkə başçısının müvafiq sərəncamına əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib.

Layihədə ətrafdakı yaşayış massivi, məktəbin olması, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən inşa olunan keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli metal konstruksiyadan quraşdırılmış keçidin orta hissəsinin uzunluğu 52 metr, eni 4,5 metrdir. Piyada keçidi bir-biri ilə 57 dərəcə bucaq altında kəsişən 39 ədəd polad halqadan yığılıb.

Rahat hərəkət üçün keçiddə müasir standartlar nəzərə alınmaqla maililiyi 8 dərəcə olan panduslar quraşdırılıb.

Qeyd edək ki, piyada keçidi italiyalı dizaynerin layihəsi əsasında qurulub, konstruksiyalar yerli mütəxəssislər tərəfindən hazırlanıb.