Onlayn fotoplakat sərgisi keçiriləcək

Mədəniyyət Nazirliyi və Müdafiə Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sentyabr ayının 15-i saat 18:00-da “Öncə Vətəndir” adlı onlayn fotoplakat sərgisi keçiriləcək.

Layihə Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən ölkəmizin hərbi qüdrətinin, əsgərlərimizin yüksək döyüş ruhunun, qələbə əzmkarlığının təbliği işinə töhfə vermək, Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağın, işğal altındakı digər torpaqlarımızın erməni qəsbkarlarından azad edə biləcək, sərhəd bölgələrimizi düşməndən qoruyacaq gücə malik olduğunu bədii təsvir vasitəsilə nümayiş etdirmək məqsədi daşıyır.

Dövlət Rəsm Qalereyasından bildirilib ki, sərginin ekspozisiyası Müdafiə Nazirliyinin aidiyyəti arxivinə məxsus artilleriya silahlarının, döyüş sursatlarının, hərbi təlimlərdən və paradlardan çəkilmiş fotoşəkillərdən, rəssam Zaur Kantemirov və Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı tərəfindən hazırlanan plakatlardan ibarət olacaq.

Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri virtual sərgini izləməyə dəvət edir.

Onlayn fotoplakat sərgisini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media (“Facebook”, “İnstagram”) hesabları vasitəsilə izləmək mümkün olacaq.