Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Xalq artisti, görkəmli teatr və kino aktyoru Siyavuş Aslanın (1935-2013) 85 illiyi ilə bağlı videoçarx hazırlayıb.

Sentyabrın 5-də anadan olmasının 85 ili tamam olan sənətkar komik, faciə və dramatik rolların məharətli ifaçısı kimi yaddaşlarda qalıb. Kitabxananın “İnstagram” səhifəsində yayımlanan videoçarxın sonunda S.Aslanın səhnədə və kinoda yaratdığı rəngarəng obrazlardan fraqmentlər təqdim olunub.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi kitabxanası mütəmadi olaraq görkəmli Azərbaycan ədiblərinin həyat və yaradıcılığından bəhs edən məlumatlar hazırlayır. Kitabxana bu dəfə “Facebook” və “İnstagram” səhifələrində oxuculara Cəlil Məmmədquluzadə haqqında videoçarx təqdim edib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Qaradağ rayon MKS-nin 5 nömrəli filialı “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini davam etdirir. Layihə çərçivəsində oxuculara 2016-cı il Aprel döyüşlərinin şəhidi, sentyabrın 7-də 30 yaşı tamam olan Elvin Namazov haqqında videoçarx təqdim olunub.

Baş leytenant Elvin Namazov 2016-cı il aprelin 3-də şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon MKS oxuculara “Virtual kitab sərgisi” layihəsi çərçivəsində videoçarxlar hazırlayır. Təqdim edilən yeni virtual kitab sərgisi Xalq şairi, ədəbiyyatşünas alim Xəlil Rza Ulutürkə həsr edilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS fidan balaları unutmur. Kitabxananın Uşaq şöbəsi Abdulla Şaiqin və Gülarə Munisin şeirlərindən ibarət videoçarx hazırlayıb. Balaca oxuculara Abdulla Şaiqin “Arı”, “Qızılgül”, Gülarə Munisin “Çiyələk”, “Qaranquş” səsli şeirlərini təqdim edib.