Sentyabrın 8-dən açılan daxili sərhədlər Azərbaycanın pandemiyadan ziyan çəkmiş turizm sənayesinə canlanma gətirəcək. Bu barədə danışan Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə söyləyib ki, bütün dünyada turizm sənayesi pandemiya dövründə ən çox ziyan çəkən sahədir.

O qeyd edib ki, bu ilin yalnız mart-iyul aylarında turizm sektorunda yaranan əlavə dəyər göstəriciləri ötən illə müqayisədə 4 dəfə az olub. “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan rayonlara gediş-gəliş açıldığı üçün hesab etmək olar ki, Azərbaycanda daxili turizm faktiki olaraq bərpa edilir. Ancaq daxili turizmin bərpası müəyyən şərtlərlə həyata keçirilir. Burada da əsas məsələ insanların sağlamlığının qorunmasını təmin etməkdir. Biz vətəndaşlara müraciət edirik ki, karantin qaydalarının yumşaldılmasından sonra yenidən sərtləşdirmənin olmaması üçün vacib olan qaydalara əməl etsinlər”, - deyə K.Quluzadə vurğulayıb.

DTA-nın tabeliyindəki Azərbaycan Turizm Bürosu isə ölkəmizdə gəlmə turizmi ilə məşğul olan şirkətlərə postpandemiya dövründə fəaliyyətlərinə dəstək olmaq, həmçinin bu sahədə innovativ və rəqəmsal yanaşmanı inkişaf etdirmək məqsədilə yeni layihəyə start verib.

Proqramın əsas məqsədi turizm destinasiyası kimi Azərbaycan və onun turizm imkanları haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrə dəstək göstərilməsidir.

Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə həyata keçirilir. Proqram yalnız xüsusi meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlər və 25 sentyabradək qeydiyyatdan keçirilən layihələr üçün nəzərdə tutulub.

Müraciətlər yeni layihələrlə, həmçinin mövcud olan onlayn layihələrə əlavə kimi və ya hazır platformaların təkmilləşdirilməsi ilə bağlı ola bilər.