Latviya Respublikasının Valmiera şəhərində Azərbaycana həsr edilmiş mədəni tədbir keçirilib. Tədbir Valmiera Şəhər Fondunun təşkilatçılığı ilə gerçəkləşib.

Avropa İttifaqının təşəbbüsü olan Avropa Həmrəylik Korpusunun Şərq Tərəfdaşlığı ölkələri üzrə Latviya könüllüsü Samanta Berga tədbiri açaraq “Sağlam düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin dəvəti ilə 2019-2020-ci illərdə Sumqayıtda yaşadığı vaxt ölkəmizin onda doğurduğu müsbət təəssüratlarını bölüşüb. O, tədbir iştirakçılarına Azərbaycanın coğrafi mövqeyi, əhalisi, mədəniyyəti, musiqisi və milli mətbəxi barədə məlumat verib.

Tədbirin gedişində iştirakçılara paxlava, şəkərbura və qutabın hazırlanması qaydaları əyani şəkildə göstərilib və onlar bu ləziz şirniyyatlara qonaq ediliblər. Həmçinin milli rəqslərimizdən nümunələr göstərilib.

Sonda viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.