Yeni dərs ilində Latviya Akademik Kitabxanasının Mədəniyyətlərarası dialoq mərkəzi və ölkəmizin Latviyadakı səfirliyi tələbələr üçün növbəti Azərbaycan dili kurslarının ödənişsiz tədrisinə başlayıb.

Artıq 3-cü dəfə təşkil olunan dərslərə müxtəlif yaş qrupuna Latviyada yaşayan azərbaycanlılarla yanaşı, latışlar, ruslar, ukraynalılar, yəhudilər və digər millətlərin nümayəndələri böyük maraq göstərirlər.

Məşğələlər səfirlik tərəfindən müvafiq dərs vəsaitləri ilə təmin olunub. Dərsləri Riqada Azərbaycan dilini uzun illər uğurla tədris edən Günay Əliyeva aparır.

“Kurslarda gənclər böyük əksəriyyət təşkil edir. Hər dəfə ixtisasca müxtəlif olan gənclərlə tanış olmaq, onlarla işləmək olduqca məsuliyyətli və maraqlıdır.

Tələbələr nəinki Azərbaycan dilini mənimsəməyə çalışır, onlar, eyni zamanda Azərbaycanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə böyük maraq göstərirlər. Bu da olduqca önəmlidir. Mən tələbələrimlə Azərbaycan haqqında söhbətlər aparır, tarixə də yeri gəldikcə ekskursiya edir, onları Azərbaycan həqiqətləri haqqında məlumatlandırmağa çalışıram”, – deyə Günay Əliyeva bildirib.

O qeyd edib ki, ötən il böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi münasibətilə Riqa Klassik gimnaziyasında keçirilən elmi-bədii gecəyə Azərbaycan dili kurslarının dinləyiciləri də qatılaraq şairin qəzəllərini səsləndiriblər.

Günay Əliyeva bildirib ki, hazırda Latviyada dilimizə mükəmməl bələd olan yeganə tərcüməçi görkəmli şair Uldis Berzinşdir. Latviya oxucuları onun tərcüməsində “Kitabi-Dədə Qorqud” dastanını, habelə Azərbaycan şairlərinin əsərlərini oxumaq imkanı əldə ediblər. Kursların başlıca məqsədlərindən biri də tələbələr arasında ən bacarıqlı olanları seçib Bakıya təhsilini davam etdirmək üçün ezam etmək, başqa sözlə, zəngin Azərbaycan ədəbiyyatını latış dilinə çevirmək iqtidarında olan peşəkar mütərcimlər yetişdirmək işində bir növ vasitəçi olmaqdır.

Liva adlı latviyalı gənc xanım Azərbaycan dilini öyrənmək həvəsinin səbəbini belə açıqlayır: “Məni Azərbaycanın gözəlliyi, onun zəngin, mədəni-tarixi irsi, qədim, rəngarəng və ləziz mətbəxi, milli adət-ənənələri cəlb edir. Azərbaycanlılarla onların mükəmməl, ahəngdar, musiqili dilində danışmaq imkanımın yaranması məni çox sevindirir”.

“Uşaq və yeniyetmələr üçün məşğələlər isə Riqa Klassik gimnaziyasında keçirilir. Onu da deyək ki, fəlsəfə elmləri doktoru, həmyerlimiz Roman Əliyevin direktor olduğu gimnaziya təhsil sahəsində nailiyyətlərə görə “Atis Kronvalds Fondu” tərəfindən ölkənin  qabaqcıl gimnaziyaları arasında keçirilən müsabiqədə birincilik qazanıb. Gimnaziyada dərslər Azərbaycan himninin səsləndirilməsi ilə başlanır, məktəblilərə dilimizlə bərabər, xalq mahnıları, çeşidli şeirlər öyrədilir. Məktəblilərin sevdiyi əyləncələrdən biri isə qədim xalq oyunlarımızdan biri olan “Dəyirman” oyunudur. Gimnaziyada milli rəqs dərnəyi də fəaliyyət göstərir. Uşaq və yeniyetmələrdən ibarət “Çinar” rəqs qrupuna Anjela Cəfərova rəhbərlik edir. Qrup Azərbaycan incəsənətini müxtəlif tədbirlərdə, festivallarda, 28 May – Respublika Günü ilə bağlı ziyafətlərdə, Novruz şənliklərində, ənənəvi Milad xeyriyyə bazarının konsert proqramlarında yüksək səviyyədə təmsil edir”, – deyə Günay Əliyeva əlavə edib.