Bu gün biz Bakının işğaldan azad edilməsinin 102-ci ildönümünü qeyd edirik. Həmin dövrün çətinliklərinə baxmayaraq qardaş Türkiyə Azərbaycandan öz yardımını əsirgəmədi. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu Azərbaycana gələrək mübarizəyə qoşuldu. Gəncədən Bakıya qədər şərəfli döyüş yolu keçən Qafqaz İslam Ordusu yeni yaradılmış Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdi. Bu yolda canlarını qurban verən şəhidlərimizi dərin hörmət və ehtiramla yad edirəm. Onların əziz xatirəsi daim bizim qəlbimizdədir.
Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktubunda vurğulanır.
Məktubda qeyd olunur ki, Azərbaycan xalqı üçün 15 sentyabr olduqca əlamətdar bir gündür. Həmin gün Bakı işğaldan azad edilərək müstəqil Azərbaycan dövlətinin paytaxtı elan olundu. Bu tarixi qələbədən sonra Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun zəfər yürüşü Bakı sakinləri tərəfindən böyük coşqu və sevinclə qarşılandı: “İki il bundan əvvəl həmin coşqu və sevgi Bakı küçələrində bir daha canlandırıldı. Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakını Sizinlə birlikdə izlədik. Şübhəsiz ki, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaqdır”.
Ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olmuşdur. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.
Türkiyə-Azərbaycan qardaşlığının əbədi davam edəcəyinə, bu günə qədər olduğu kimi, bundan sonra da ölkələrimizin xoş günlərdə də, çətin vaxtlarda da bir-birinin yanında olacağına inamım sonsuzdur.
Bu fikirləri isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda qeyd edib.
Sentyabrın 15-də iki dövlət başçısı arasında telefon danışığında da bu fikirlər vurğulanıb.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edərək, 15 sentyabr Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusu və könüllülərlə birlikdə Bakını erməni və bolşevik işğalından azad etdiyini qeyd edən dövlətimizin başçısı bu yolda canlarını qurban verən şəhidlərin dərin hörmət və ehtiramla yad edildiyini, onların əziz xatirəsinin daim xalqımızın qəlbində yaşayacağını bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, əcdadlarımızın əziz xatirəsinə göstərilən sadiqliyin nümunəsi olaraq, 15 sentyabr tarixi bir bayram kimi bu gün də qeyd olunur. Bununla əlaqədar Bakıda və Azərbaycanın müxtəlif bölgələrində tədbirlər keçirilir.
Telefon danışığı zamanı Bakının azad edilməsinin 100 illiyi münasibətilə iki il əvvəl keçirilmiş hərbi parad da xatırladılıb. Bu gün ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub.