Sentyabrın 15-də Azərbaycanda yeni dərs ili başlandı. Pandemiyalı-karantinli Bilik Günündə məktəblər yalnız ibtidai siniflər üçün açılsa da, bu, mövcud şəraitdə bütün təhsil-tədris sistemi və ümumilikdə cəmiyyət üçün əlamətdar hadisədir.

Mart ayından karantinə bağlanan məktəblərdən, nəhayət, uşaqların səsi gəldi, müəllim və valideynlərin üzünə fərəh qondu...

Beləliklə, 2020/2021-ci tədris ili, pandemiya ilə əlaqədar olaraq, dərslərin həm əyani, həm də distant (məsafədən) formada təşkili ilə başlanır.

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” 29 avqust 2020-ci il tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi tərəfindən tədris planları təsdiq edilib.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumtəhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunacaq.

Qərara əsasən, ümumtəhsil müəssisələrində dərslər ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə 2020-ci il sentyabrın 15-dən başlayır. Ümumi təhsilin məktəbəhazırlıq mərhələsi (5 yaş) və ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə 2020-ci il oktyabrın 1-dən,  tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə isə 2020-ci il oktyabrın 15-dən başlayacaq.

Həmçinin respublika üzrə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində də dərslərin başlaması yaş qruplarından və siniflərindən asılı olaraq yuxarıda qeyd edilən tarixlər üzrə müəyyən olunub.

Eləcə də xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində tədris və təlim-tərbiyə prosesi sentyabrın 15-dən başlanır.

Qərarda o da vurğulanır ki, təhsil müəssisələrində yaş qruplarından və siniflərindən asılı olaraq əyani formada təhsil bərpa olunanadək sentyabrın 15-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməlidir.

Bundan əlavə, təhsilalanların sıxlığı yüksək olan təhsil müəssisələrində siniflər/qruplar yarımqruplara bölünəcək, yaş qrupları/kursları üzrə dərs və dərsdənkənar məşğələlərdə növbəlilik rejimi tətbiq olunacaq.

Yeni tədris ilinin bir maraqlı məqamı da var.

Məktəblərdə tənəffüs zamanı ənənəvi qaydada zəng çalınmayacaq.

Bu barədə Təhsil Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə, rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə məktubunda bildirilir. Qeyd edilir ki, tənəffüs zamanı dəhlizlərdə və həyətyanı sahədə şagird sıxlığını azaltmaq məqsədilə ənənəvi qaydada zəng çalınmayacaq. Tənəffüslərin vaxtı hər bir sinif üçün növbəli qrafiklə tənzimlənəcək. Hər bir müəllim dərsini bitirdikdə bütün şagirdlərin sinfi tərk edərək tənəffüsə çıxmasına ciddi nəzarət etməlidir.