18 sentyabr – Milli Musiqi Günü hər il ölkəmizdə təntənə ilə, incəsənət bayramı kimi qeyd edilib. Bu il məlum pandemiya vəziyyəti kütləvi tədbirləri, festival və konsert proqramlarını mümkün etməsə də, mədəniyyət tariximizin bu əlamətdar günü müxtəlif təqdimat və layihələrlə qeyd olunacaq.
Milli Musiqi Günü milli bəstəkarlıq məktəbimizin banisi, dahi Üzeyir Hacıbəyli ilə eyni ildə və gündə dünyaya gəlmiş, musiqi sənətimizə mühüm töhfələr vermiş görkəmli bəstəkar Müslüm Maqomayevin də doğum günüdür. Sentyabrın 18-i iki böyük sənətkarın anadan olmasının 135-ci ildönümüdür.
Yubiley ərəfəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyasından korifeylərə aid tarixi sənədlərdən ibarət silsilələr təqdim edilir. Onlar arasında Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin doğum şəhadətnamələri, 1912-ci ildə Üzeyir bəyin Maqomayevə verdiyi etibarnamə, nadir fotoşəkillər və digər materiallar muzeyin sosial şəbəkə səhifələrində yerləşdirilib.
Muzey tərəfindən sentyabrın 17-də saat 17:00-da Milli Musiqi Günü, Ü.Hacıbəylinin və M.Maqomayevin 135 illiyi münasibətilə onlayn tədbir keçiriləcək.
***
Sentyabrın 18-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Milli Musiqi Gününə həsr olunmuş respublika elmi-praktik konfransı keçirəcək. “Dahi Üzeyir Hacıbəylinin ölməz irsi” mövzusunda konfrans BMA-nın Elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn şəkildə gerçəkləşəcək.