Azərbaycan
16 sentyabr 1909 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
16 sentyabr 1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934-1997) Bakıda anadan olub.
17 sentyabr 1956 – Rəssam, heykəltəraş Müslüm Ömər oğlu Eldarov (1956-2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.
18 sentyabr 1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operettanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operettalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, romans və mahnıların müəllifidir. Bəstəkarın doğum günü Azərbaycanda milli musiqi bayramı (“Üzeyir Musiqi Günü”) kimi qeyd olunur.
18 sentyabr 1885 – Görkəmli bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Üzeyir Hacıbəylinin yaxın sənət silahdaşı kimi Azərbaycan peşəkar musiqili teatrının yaranmasına töhfələr verib. “Şah İsmayıl”, “Nərgiz” operaları və s. əsərlərin müəllifidir. Opera və Balet Teatrının dirijoru, Azərbaycan Radiosunun Musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
18 sentyabr 1908 – Əməkdar mədəniyyət işçisi Məmməd Şahverdioğlu Əmirov (1908-1986) Ağdam rayonunun Novruzlu kəndində doğulub. Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.
18 sentyabr 1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
18 sentyabr 1988 – XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905-1988) vəfat edib. Şair Təbriz yaxınlığındakı Xoşnigab kəndində doğulub, dəqiq təvəllüdü məlum deyil. Doğma Azərbaycan dili ilə yanaşı, fars dilində də şeir topluları yaradıb.
Dünya
16 sentyabr 1462 – İtalyan filosofu Pyetro Pomponassi (Pietro Pomponazzi; 1462-1525) anadan olub.
16 sentyabr 1888 – Finlandiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1939) laureatı Frans Emil Sillanpyya (Frans Eemil Sillanpaa; 1888-1964) anadan olub. Əsərləri: “Həyat və günəş”, “Adamlar yay gecəsində”, “Cavanlığında vəfat etmiş”.
17 sentyabr 1908 – Amerika yazıçısı, detektiv romanlar müəllifi Con Krizi (John Creasey; 1908-1973) anadan olub.
17 sentyabr 1931 – İtalyan əsilli Amerika aktrisası, “Oskar” laureatı Enn Benkroft (Anne Bancroft – Anna Maria Louisa Italiano; 1931-2005) anadan olub. Filmləri: “Məzun”, ”Nazaretli İsa”, “Əsgər Ceyn” və s.
18 sentyabr 1905 – Dünya şöhrətli İsveç və Amerika kinoaktrisası, fəxri “Oskar” mükafatı laureatı Qreta Qarbo (Greta Garbo - Greta Lovisa Gustafsson; 1905-1990) anadan olub. Filmləri: “Qrand-hotel”, “Mata Xari”, “Anna Karenina” və s.
Hazırladı: Vüqar ORXAN