Bu kiçik yazıda çox gənc olan iki rəfiqəni – Fatiməni və Fidanı hörmətli oxuculara təqdim etmək istəyirəm. Onları bir-birinə Üzeyir bəy musiqisinə olan sevgi bağlamışdır. Hər ikisi musiqiçi olan bu qızların ifa etdikləri musiqilərin əsas hissəsini Üzeyir bəyin əsərləri rövnəqləndirir.

Fatimə Hacızadə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini fortepiano sinfi üzrə bu il başa vurmuş və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur. Fatimə Azərbaycan bəstəkarlarının əsərləri ilə yanaşı dünya bəstəkarlarından Bax, Bethoven və Şopenin yaradıcılığına da böyük maraq göstərir və mütəmadi olaraq onların əsərlərinə müraciət edir. Hələ Bülbül adına məktəbdə təhsil alarkən gənc ifaçı bir çox konsertlərdə çıxışlar etmiş, uğurlar qazanmışdır. O, Rusiyanın Bakıdakı səfirliyində bu ölkənin dövlət bayramlarına həsr olunmuş tədbirlərdə də pianoçu kimi fəal iştirak edərək səfirlik tərəfindən fəxri fərmanla təltif olunmuşdur.

Fidan Vəliyeva isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fortepiano üzrə 11-ci sinfində oxuyur. O, fransız bəstəkarı Debüssi, rus bəstəkarları Çaykovski və Raxmaninovun əsərlərindən nümunələrin də yer aldığı geniş repertuar tərtib etmişdir. Fidanın bu ifaçılıq istedadı Xalq artisti Teymur Göyçayevin diqqətindən kənarda qalmamış, o, Fidanı Bülbül adına məktəbin nəzdində təşkil etdiyi “Tutti” orkestrinə qəbul etmişdir.

Fidanın həm də gözəl səsi var. Bülbül adına məktəbdə təşkil edilmiş xor kollektivinin üzvüdür. Bu kollektivin üzvü kimi o, Heydər Əliyev Mərkəzində, Azərbaycan Dövlət Akademik Filarmoniyasında çıxış etmişdir. Gənc qız deyir ki, xor rəhbəri Gülnarə Ağakişiyevanın kollektivlə olan peşəkar işini izləyərək onda dirijorluq sənətinə də maraq yaranmış və fortepianoya əlavə olaraq o, xor dirijorluğu sinfində də təhsil almağa başlamışdır. Hazırda onun ixtisas rəhbəri Bakı Musiqi Akademiyasının müəllimi Yuliziana Kuxmazovadır.

Dərslərdən əlavə vaxtlarının məhdud olmasına baxmayaraq rəfiqələr müxtəlif səhnələrə çıxır, respublikamızın mədəniyyət ocaqlarında, musiqi məktəblərində, kolleclərində və s. məharətlə çıxışlar edirlər. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı da onları öz musiqili verilişlərinə dəvət edir.

Fatimə ilə Fidanın ən doğma mədəniyyət ocağı isə Üzeyir Hacıbəylinin Ev-Muzeyidir. Onlar tez-tez muzeyimizin qonağı olur, dəvət etdiyimiz tədbirlərdə böyük məmnuniyyətlə çıxışlar edir, bəstəkarın ölməz əsərlərini – “Sənsiz”i, “Sevgili canan”ı, “Cəngi”ni, “Arazbarı”nı və s. tamaşaçılar qarşısında böyük şövqlə səsləndirirlər.

Onu da qeyd etmək istəyirəm ki, bu istedadlı qızlar muzeyin təkcə tədbirlərində çıxış etməklə kifayətlənmir, dahi bəstəkarın yaradıcılığına olan böyük sevgilərinin təzahürü kimi Üzeyir bəyin adıyla bağlı əldə etdikləri jurnalları, qəzetləri, kitabları fondumuza təhvil verməklə muzeyin zənginləşdirilməsi işində əməkdaşlarımıza yaxından kömək edirlər.

Keçirdiyimiz bu çətin günlərdə də Fatimə və Fidan muzeyimizin qonağı oldular. Söhbət zamanı öyrəndik ki, istedadlı qızlar həm də humanist və qayğıkeşdirlər. Onlar pandemiya günlərində gənclərdən ibarət könüllülər birliyinə qoşularaq tənha yaşlılara baş çəkmiş, qayğı göstərmiş, imkanları daxilində onların ehtiyaclarını ödəmişlər. Muzeyimizə də əliboş gəlməmiş, özləri ilə dezinfeksiya məhlulları, tibbi maska və əlcək gətirmişdilər. Bu addımlarıyla da qızlar muzeyə olan diqqətlərini bir daha təzahür etdirdilər.

Bu gün biz bu gənc qızlara öz ürək sözlərimizi belə ifadə edirik: Azərbaycanın gələcək musiqiçiləri, Üzeyir bəy musiqisinin yorulmaz ifaçıları, siz və sizin kimi neçə-neçə istedadlı gənclər dahi bəstəkarımızın mənəvi övladlarısınız. Sizə gələcək işlərinizdə böyük uğurlar arzulayırıq.

Gülnarə ƏLƏSGƏROVA
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin şöbə müdiri