Karantin rejimində elan edilmiş müsabiqənin qalibləri mükafatlandırılıb
Sentyabrın 16-da Azərbaycan Milli İncəsənət Muzeyində “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi tərəfindən cari ilin 14 aprel tarixində elan edilən müsabiqənin əsas məqsədi cəmiyyətdə muzey işi sahəsinə yaradıcı münasibətin inkişaf etdirilməsi, istedadlı müəlliflərin aşkara çıxarılması, həmçinin mədəniyyətimizə marağın artırılmasıdır.
Müsabiqə çərçivəsində Museum.az saytının “Facebook” səhifəsinin izləyicilərinə Bakı şəhərinin aparıcı muzeyləri – Azərbaycan Milli İncəsənət Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin fondlarında qorunub saxlanılan, zəngin tarixə malik olan Azərbaycan incəsənəti, xalça, təsviri və dekorativ-tətbiqi sənət nümunələrindən seçilmiş tarixi, bədii, elmi əhəmiyyət kəsb edən 14 unikal eksponat təqdim edilmişdi. Müsabiqə iştirakçıları eksponatlardan birini seçərək ona həsr olunmuş yeni hekayə yazmalı idi.
Müsabiqənin dörd kateqoriya – Qran-pri kateqoriyası üzrə 3, “Ən yaxşı xarici dildə yazılan hekayə” kateqoriyası üzrə 4, “Ən yaxşı məktəbli hekayəsi” kateqoriyası üzrə 3 və “Ən yaxşı hekayə” kateqoriyası üzrə 9 olmaqla ümumilikdə 19 qalibi münsiflər heyəti tərəfindən seçilib.
Qeyd edək ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, mükafatlandırma mərasiminə iki əsas kateqoriya (Qran-pri və “Ən yaxşı məktəbli hekayəsi”) üzrə 5 qalib dəvət olunub.
Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qalibləri salamlayıb, onları bu müsabiqədə qazandıqları uğura görə təbrik edib. Bildirib ki, bütün bəşəriyyətin koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə apardığı günlərdə, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da tətbiq edilən karantin rejimi ilə əlaqədar insanlar asudə vaxtlarının çox hissəsini onlayn şəkildə keçirirlər. Bununla əlaqədar olaraq Mədəniyyət Nazirliyi tərəfindən bir sıra onlayn layihələrə start verilmişdi. Bunlardan biri də “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqədir.
Anar Kərimov qeyd edib ki, mədəni irsimizin təbliğində muzeylərin rolu əvəzsizdir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə xüsusi diqqət və qayğısı sayəsində muzeylərdə işin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb.
Vurğulanıb ki, bu gün muzeylər toplamaq, mühafizə etmək, öyrənmək və nümayiş etdirmək kimi öz əsas vəzifələri ilə yanaşı, eyni zamanda mədəni-tərbiyəvi, maarifləndirici mərkəzlərə çevrilirlər. Muzeylərdə elmi tədqiqat və bərpa işləri, müxtəlif mövzulu səyyar sərgilər, lektoriyalar, konsertlər, müxtəlif yaş dövrləri üçün interaktiv proqramlar, fiziki məhdudiyyətli insanlar üçün xüsusi inklüziv layihələr təşkil edilir.
Diqqətə çatdırılıb ki, “Muzey eksponatının hekayəsini sən danış” adlı müsabiqə də bu qəbildən təşəbbüslərdən biridir: “Müsabiqənin şərtlərinə görə, təqdim olunan muzey eksponatlarının arasında qədim dövrlərə aid hərbi geyim, miniatürlər, xalça və zərgərlik nümunələri, Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov kimi görkəmli rəssamlarımızın əsərləri yer almışdı. Sizlər isə bu dəyərli eksponatların oyatdığı təəssüratlara əsasən öz yaradıcı təxəyyülünüzün məhsulu olan hekayəni bizə göndərdiniz. Qeyd edim ki, hekayələr ilə şəxsən tanış olmuşam. Onlar, həqiqətən, çox maraqlı, professional və dolğun məzmunda yazılıb. Sevindirici haldır ki, müsabiqədə bütün yaş təbəqələrindən olan insanlar iştirak etmişlər. Təəssüflər olsun ki, pandemiya ilə əlaqədar tələb olunan sanitar-epidemioloji və karantin qaydalarına ciddi riayət olunduğu üçün biz bütün müsabiqə iştirakçılarını tədbirə dəvət edə bilmədik. Amma onlara da diplomlar və hədiyyələr təqdim olunacaq”.
Mükafatları sahiblərinə təqdim edən Anar Kərimov onu da deyib ki, müsabiqənin bütün qaliblərinin hekayələrinin toplanaraq kitab şəklində nəşr edilməsi və ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulub. Bu kimi layihələr nazirlik tərəfindən gələcəkdə də davam etdiriləcək.
Mərasimdən sonra Anar Kərimov Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiya zalları ilə tanış olub. Muzeyin direktoru, professor Çingiz Fərzəliyev ekspozisiyalar barədə məlumat verib.