İsmayılovlar ailəsində əziz xatirə kimi saxlanılır
Üzeyir Hacıbəyli Azərbaycan xalqının tarixində, mədəniyyətində, milli oyanışında silinməz iz qoyub. Dahi bəstəkar 72 il əvvəl dünyasını dəyişsə də, onun zəngin irsi ilə bərabər, istifadə etdiyi əşyalar da qorunub saxlanılır, gözəl xatirələri yaddaşlarda yaşayır.
Üzeyir bəyin bir vaxtlar dostu – dövrünün görkəmli ziyalılarından olan Mirzə Vəli İsmayılova hədiyyə etdiyi eynəyi, saatı və tarı İsmayılovlar ailəsi tərəfindən ən əziz xatirə kimi bu günədək qorunub saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri Ağcabədi rayonunun Rəncbərlər kəndində yaşayan İsmayılovlar ailəsi ilə görüşərək, bu barədə maraqlı məlumatlar əldə edib. Mirzə Vəli İsmayılov 1885-ci ildə Şuşa qəzasının Kəbirli nahiyəsinin Rəncbərlər kəndində anadan olub. Onun qardaşı nəvəsi Aqil İsmayılov bildirib ki, Mirzə Vəlinin Üzeyir bəylə dostluğu hələ uşaq yaşlarından başlayıb. Üzeyir Hacıbəylinin atası Əbdülhüseyn kişinin Rəncbərlər kəndi ilə qohumluq əlaqəsi olub. Mirzə Vəli 5 yaşında olarkən 1890-cı ildə Üzeyirlə birlikdə Şuşa realnı məktəbinə gedib. Məktəbi bitirən dostlar 1900-cü ildə Zаqаfqаziyа Müəllimlər Sеminаriyasına qəbul olmaq üçün Qoriyə gediblər. Üzeyir bəy seminariyaya həmin il, Mirzə Vəli isə 1902-ci ildə qəbul olub. 1907-ci ildə seminariyanı bitirən Mirzə Vəli təyinatla Qubada ikisinifli rus-tatar məktəbinə rus dili müəllimi, üç ildən sonra isə Bakıda realnı məktəbə müəllim təyin edilib. Müəllim işləyə-işləyə “Kaspi” qəzeti ilə əməkdaşlıq edib. Həmçinin Hacı Zeynalabdin Tağıyevin neft kontorunda rus dili üzrə məktublar şöbəsində mirzə işləyib. 1918-ci ilədək Bakıda fəaliyyət göstərən Mirzə Vəli sonra Qarabağa qayıdıb, Şuşa və Ağdam İnqilab komitələrində çalışıb, ömrünün sonunadək müəllimlik edib. 1960-cı ildə doğma kəndi olan Rəncbərlərdə vəfat edib.
Aqil İsmayılov Üzeyir Hacıbəyli ilə Mirzə Vəlinin dostluq münasibətlərindən danışarkən deyib: “Üzeyir Hacıbəyli ilə Mirzə Vəli arasında möhkəm dostluq əlaqələri olub. Üzeyir bəy şəkillərdə gördüyümüz eynəyini və saatını Mirzə Vəliyə hədiyyə edib, oğlu Ənvər üçün tar göndərib. Ailəmiz Ü.Hacıbəyli tərəfindən verilmiş bu dəyərli əşyaları bundan sonra da qoruyub saxlayacaq”.