Kiyev şəhərində meriyanın təşəbbüsü ilə keçirilmiş etnomədəni festivalda Ukraynada yaşayan müxtəlif xalqların nümayəndələri iştirak ediblər.
Festivalda ölkəmizi Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təmsil edib. UABD-nin dəstəyi ilə açılan Azərbaycan pavilyonu festivalın həm iştirakçıları, həm də qonaqları tərəfindən böyük maraqla qarşılanıb. Burada Azərbaycanın milli musiqi və rəqsləri, milli yeməklərimiz və maddi mədəniyyət nümunələrimiz nümayiş etdirilib.
UABD-nin rəhbəri Hikmət Cavadovun sözlərinə görə, pavilyonun tərtibatında rəssam Əsgər Cavadovun böyük əməyi olub. Tərtibatda Bakının qədim və müasir görüntülərindən istifadə edilib. Rəssam həmçinin arzulayan hər kəs üçün ustad dərsi də keçirib. Bundan əlavə, Nicat Mirzəyevin başçılıq etdiyi “Qafqaz” ansamblı gözəl musiqi nümunələrimizi, rəqslərimizi qonaqlara nümayiş etdirərək tədbirə xüsusi rəng qatıb. “Fikrimcə, bu festivalda Azərbaycan diasporu yüksək səviyyədə iştirak edib”, - deyə H.Cavadov bildirib.