UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Daimi katibliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı, təhsil müəssisəsinin müəllim və tələbə heyətinin iştirakı ilə 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Dayanıqlı sülhün təmin edilməsində çoxtərəfliliyin artan əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Milli Komissiyanın baş katibi Elnur Sultanov Beynəlxalq Sülh Gününün tarixi və əhəmiyyətindən danışıb, qlobal sülhün və təhlükəsizliyin təmin olunmasında çoxtərəfliliyin, beynəlxalq təşkilatların, o cümlədən UNESCO-nun rolu, sülh üçün təhsil və sülh mədəniyyətinin təşviqi sahəsində görülən işlər barədə məlumat verib.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycan- UNESCO münasibətlərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyi diqqətə çatdırılıb. E.Sultanov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan-UNESCO əməkdaşlığının genişləndirilməsində, mədəniyyətlər və dinlərarası dialoq, sülh şəraitində birgəyaşayış və tolerantlıq, mədəni müxtəlifliyin təbliğində müstəsna xidmətlərini vurğulayıb. Baş katib əsası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə qoyulmuş “Bakı Prosesi”nin əhəmiyyətindən, ölkəmizin UNESCO çərçivəsində həyata keçirilən layihələrdə iştirakından da bəhs edib.
E.Sultanov çıxışında ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, Ermənistanın bölgədə münaqişə ocağı yaradaraq uzun illərdir dayanıqlı sülhə və təhlükəsizliyə ciddi təhdid törətdiyini bildirib. Ermənistan tərəfindən işğal altında olan ərazilərimizdə mədəni irsin dağıdılması, mənimsənilməsi ilə bağlı məsələlərin mütəmadi olaraq UNESCO çərçivəsində qaldırıldığı qeyd edilib.
UNESCO üzrə Milli Komissiyanın üzvü, Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməməsinin bütövlükdə regionun inkişafına maneə olduğunu vurğulayıb. Rektor daha sonra ölkəmizdə tətbiq olunan yeni idarəçilik texnologiyaları, davamlı inklüziv inkişaf səviyyəsi indeksi üzrə reytinq göstəricilərindən bəhs edib.
Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyev çıxışında qlobal sülh və təhlükəsizliyə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmasının vacibliyindən bəhs edərək, dünyada bir çox münaqişələr üzrə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilmədiyini diqqətə çatdırıb. Bu xüsusda o, BMT mandatı çərçivəsində meydana çıxan çətinliklər, eyni zamanda müasir dövrdə yaranmış yeni təhdidlər, hibrid müharibələr, kibertəhlükəsizlik və informasiya məkanında mübarizə barədə danışıb.
Videokonfransın moderatoru, Azərbaycan UNESCO Klublarının koordinatoru Cahangir Hacıyev Beynəlxalq Sülh Günü münasibətilə Təhsil Nazirliyi ilə birgə məktəblilər arasında keçirilən rəsm müsabiqəsi barədə məlumat verib.