İsmayıllı Regional Mədəniyyət İdarəsi İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Ağbulaq kənd klubu “Hər şey Vətən üçün, hər şey qələbə üçün” başlıqlı videoçarx hazırlayıb. Klubun nəzdində fəaliyyət göstərən dram dərnəyinin üzvləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər.
Regional idarənin tabeliyində olan Qəbələ, Siyəzən, həmçinin Gəncə Heydər Əliyev mərkəzlərinin təşkilatçılığı ilə “Azərbaycanın dinamik inkişafında Heydər Əliyev mərkəzlərinin rolu” mövzusunda videokonfrans keçirilib. Çıxışlarda respublikamızın hər bir bölgəsində fəaliyyət göstərən mərkəzlərin ulu öndərin zəngin siyasi irsinin dərindən öyrənilməsi və təbliğ edilməsi sahəsində fəaliyyətlərindən bəhs olunub.
Qobustan və Şamaxı rayon MKS-lərin Uşaq şöbələri tərəfindən onlayn “nağıl saatı” təşkil edilib. Oxunan nağıllar uşaqların böyük marağına səbəb olub.
***
Ağdaş Regional Mədəniyyət İdarəsi Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, professor Jalə Əliyeva ilə onlayn görüş keçirilib. Görüşə regional idarənin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, eləcə də Xaçmaz, Neftçala, Gəncə, Şəki, Qəbələ, Yevlax, Kürdəmir, Zaqatala, Siyəzən, Şirvan, Ağdaş, Beyləqan, Cəlilabad, Sabirabad, Ucar Heydər Əliyev mərkəzlərinin rəhbərləri və əməkdaşları qatılıb. Millət vəkili pandemiya dövründə Azərbaycan Respublikasının regional və beynəlxalq müstəvidə atdığı addımlardan, Prezident İlham Əliyevin ölkəmizin qlobal həmrəylik nümunəsi olmasını vurğulayan çıxışlarından, 30-dan çox ölkəyə humanitar yardım göstərilməsindən söz açıb.
YAP Şamaxı rayon Gənclər Birliyinin təşəbbüsü ilə rayonun İkinci Cabani kənd tam orta məktəbi şagirdlərinin Zərdab rayon Heydər Əliyev Mərkəzinə virtual ekskursiyası təşkil edilib. Mərkəzin muzey bələdçisi Xanım İmanova şagirdlərə buradakı ekspozisiya, ulu öndərin ömür yolundan, dövlətçilik fəaliyyətindən bəhs edən fotoşəkillər və kitablar haqqında məlumat verib.
Zərdab rayon MKS-nin 2 saylı Bıçaqçı kənd kitabxana filialının əməkdaşları növbəti səyyar kitabxana xidməti təşkil ediblər. Kitabxana işçiləri kənd sakinləri - Aqil Əliyev və Tahirə İbrahimovaya onların marağına uyğun kitablar təqdim ediblər.
***
Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin şəhər, qəsəbə və kənd kitabxana filiallarının sentyabr ayında gördükləri işlərə həsr olunmuş onlayn seminar-müşavirəsi keçirilib. MKS-nin direktoru Saməddin Nəsirov karantin dövründə keçirilən seminarlar və digər tədbirlər barədə danışıb.
Quba Rayon Tarix-Diyarşünaslıq Muzeyi “Milli mədəni irsimiz və onun qorunması” mövzusunda onlayn tədbir keçirib. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Quba rayonu üzrə əməkdaşları, A.Bakıxanovun Amsar kəndindəki ev-memorial muzeyinin işçiləri, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının əməkdaşı, rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər. Çıxışçılar mədəni irsimizin qorunmasına dair fikir mübadiləsi aparıblar.
Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü, Qusar, Masallı, Zərdab, Astara, Neftçala, Laçın, Bərdə, Abşeron Tarix-Diyarşünaslıq muzeylərinin təşkilatçılığı ilə “Pandemiya dövründə muzeylərin fəaliyyəti” adlı onlayn tədbir keçirilib. Muzeylərin direktorları çıxış edərək pandemiyanın muzeylərin fəaliyyətinə təsirindən söz açıblar.
***
Ağcabədi Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağdam rayon MKS-nin Mərkəzi kitabxanasının Uşaq şöbəsi bir ailəyə səyyar kitabxana xidməti göstərib. Xidmət zamanı balaca oxuculara xalq nağıllarımız, habelə “Tom Soyerin macəraları”, “Uşaq ədəbiyyatı antologiyası” və başqa kitablar təqdim olunub.
***
Masallı Regional Mədəniyyət İdarəsi R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin, gənc könüllülərin iştirakı ilə “Mədəni irsin təbliğində gənclərimizin rolu” mövzusunda videokonfrans keçirilib. Videokonfransda çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva mədəniyyət ocağının fondu və fəaliyyəti, eləcə də rayonun tarixi abidələri, etnoqrafiyası barədə ətraflı məlumat verib.
***
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Heydər Əliyev Mərkəzində rayonun orta məktəb məzunlarından yüksək bal toplayaraq ali məktəblərə qəbul olmuş abituriyentlərlə “Tələbə adınız mübarək” adlı görüş keçirilib. Görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
***
Şəki Regional Mədəniyyət İdarəsi Qax rayon İsmayıl Dağıstanlının Xatirə Muzeyinin təşkilatçılığı ilə görkəmli yazıçı, kinodramaturq və rejissor, Xalq artisti Həsən Seyidbəylinin 100 illiyinə həsr olunmuş videokonfrans keçirilib. Konfransı giriş sözü ilə muzeyin fond mühafizi Həlimə Muxtarova açaraq sənətkarın həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Qax rayon MSK-nın direktoru Güllü Əhmədovanın H.Seyidbəylinin kitabları haqqında məlumatı da dinlənilib.
Balakən rayon Katex kənd Folklor evində “Könüllülər ili” ilə əlaqədar “Könüllülər bizim gələcəyimizdir” adlı videokonfrans keçirilib. Videokonfransda dövlətimizin gənclərin fərdi inkişafına, onlarda sosial məsuliyyət hissinin artırılması, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə edilməsinə diqqətindən bəhs edilib.
***
Ağstafa Regional Mədəniyyət İdarəsi Qazax rayon MKS-nin Aşağı Salahlı kənd kitabxana filialı Orta Salahlı kəndində yaşayan Axıska türklərinə “Bizi birləşdirən mədəniyyət” adlı səyyar kitabxana xidməti göstərib. Tədbirdə kitabxana əməkdaşları və kənddə yaşayan bir qrup Axıska türkü iştirak edib. Sakinlərə Azərbaycan və türk dillərində nəşr olunmuş kitablar təqdim edilib.
Tovuz rayon Heydər Əliyev Mərkəzi və şəhərdəki M.Ələkbərov adına tam orta məktəbin birgə təşkilatçılığı ilə rayon məktəblərində “Zərərli vərdişlər məktəblilərin gözü ilə” mövzusunda maarifləndirici videokonfrans keçirilib. Konfransda çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyan barədə danışıb.
Nurəddin MƏMMƏDLİ