Milli memarlığımızın təşəkkülü və inkişafında böyük əməyi olan görkəmli sənətkarlardan biri də Əməkdar memar, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti, akademik Tələt Xanlarovdur. Sənətkarın özünəməxsus yaradıcılıq əsərləri bu gün də şəhərlərimizə yaraşıq verir. Onun layihələri XX əsrin ikinci yarısından etibarən Azərbaycan memarlığının simasını müəyyənləşdirən memarlıq nümunələri hesab edilir.

Tələt Ağası bəy oğlu Xanlarov 26 avqust 1927-ci ildə Bakı şəhərində ziyalı ailədə dünyaya göz açıb. Atası Sankt-Peterburq Universitetinin Hüquq fakültəsində, anası Sara xanım isə Azərbaycan Tibb İnstitutunda təhsil alıb. Ağası bəy 37-ci il repressiyası vaxtı həbs olunub və sürgündə vəfat edib.

Tələt Xanlarov Azərbaycan Politexnik İnstitutuna daxil olur, 1956-cı ildə təhsilini başa vurur və təyinat üzrə “Azərdövlətlayihə” İnstitutunun birtipli layihələr emalatxanasında işə başlayır. O, 1963-cü ildə həmin institutun 2 nömrəli memarlıq-planlaşdırma emalatxanasının rəhbəri təyin edilir. Bundan sonra o daha ciddi layihələrə imza atır. İlk olaraq Bakı şəhərində Azərbaycan Statistika İdarəsi Hesablama Mərkəzinin binasının layihəsini hazırlayır. Onu da qeyd edək ki, həmin vaxtlar Azərbaycanın bir qrup aparıcı memarı (V.İ.Qədimov, Y.M.Kozlov, Ş.R.Zeynalova) Bakı metropoliteninin ilk stansiyalarının layihələndirilməsinə başlamışdılar. Spesifik, çox çətin imtahandan uğurla çıxan bu memarlar arasında T.Xanlarov da vardı. Memarların məhsuldar əməyi hökumət tərəfindən yüksək qiymətləndirilir, onlar Dövlət mükafatına layiq görülürlər.

Həmin dövrdə T.Xanlarovun yaradıcılığı çoxşaxəli və geniş diapazonu ilə diqqət cəlb edir. O, eyni dərəcədə uğurla yaşayış evləri, mehmanxanalar, kinoteatrlar, musiqi məktəbi, turist bazası, pionerlər sarayı və idman komplekslərini layihələndirir.

T.Xanlarov maraqlı layihələri ilə yanaşı, dövri mətbuatda Azərbaycan memarlığı qarşısında duran problemlərə dair bir sıra elmi-nəzəri məqalələrlə çıxış edir. Eyni zamanda “Sovet Azərbaycanın memarlığı” (Ə.Salamzadə ilə birlikdə) və “M.Hüseynov” (Y.Əliyevlə birlikdə) adlı nadir biblioqrafik kitabları işıq üzü görür.

Tanınmış memarın çoxsaylı layihələri arasında ömrünün son 15 ilində yaratdığı əsərlər diqqət çəkir: Bakı İdman Sarayı, metronun “Memar Əcəmi” stansiyası, Sumqayıt şəhərində “Kimyaçı” Mədəniyyət sarayı, A.Zeynallı adına Musiqi Texnikumunun binası və s. Bu binaların hamısında Xanlarov üslubunun təkmilləşməsi və inkişafı aydın surətdə öz təzahürünü tapıb. Bakı İdman Sarayının bədii simasının əsasını sərt texnoloji və həcm-konstruktiv həllin uzlaşması, zəngin milli memarlıq ənənələrindən istifadə təşkil edir. “Memar Əcəmi” metro stansiyası o dövrdə Bakı Metropoliteni tikintisinin yeni, ikinci növbəsinin sonuncu stansiyası olub. Dayaz tipli olan bu stansiya memarlıq-planlaşdırma quruluşunun sadəliyi və yığcamlığı ilə seçilir. Onun yerüstü pavilyonu ciddi simmetrik həcm-fəza həlli ilə xarakterizə olunur.

T.Xanlarov layihələri bir qayda olaraq müəllifinin dərin təxəyyülünü əks etdirir. Azərbaycan memarlığının xarakterik elementləri və ənənəvi kompozisiyaları, səriştə və incə bədii zövqlə açıqlanması Naxçıvan şəhərində “Təbriz” mehmanxanası və Sumqayıtda “Kimyaçı” Mədəniyyət sarayının binası kimi monumental tikililərin memarlıq-konstruktiv və plastik həllində özünü göstərir.

1992-ci ildə Bakıda Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının yaradılması memarlar üçün mühüm hadisə oldu. Akademiyanın ilk prezidenti akademik Mikayıl Hüseynov, vitse-prezidentlərdən biri isə akademik Tələt Xanlarov seçilir. Həmin ildə görkəmli memarın yaradıcılıq emalatxanası təşkil olunur.

İti zəkaya, incə bədii zövqə, habelə fərdi və sənətkarlıq məziyyətlərinə malik Tələt Xanlarov 14 yanvar 2004-cü ildə vəfat edib. 

Savalan FƏRƏCOV