Ermənistanın işğalçı hərbi birləşmələrinin son hücumları nəticəsində Azərbaycanın mədəni irsinə, tarix-mədəniyyət abidələrinə və infrastruktura ciddi ziyan vurulub. Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsi Ermənistanın son vandalizm fəaliyyəti barədə bəyanat verib.

Bəyanatda 30 ilə yaxındır Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin qanunsuz işğalını davam etdirdiyi vurğulanır. Bildirilir ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını pisləməsi və erməni silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmasını nəzərdə tutan dörd qətnamə (822, 853, 874, 884) qəbul etməsinə baxmayaraq, Ermənistan beynəlxalq hüquqa əhəmiyyət vermir.

Bəyanatda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsi – yüz mindən çox əsərin saxlanıldığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən çox tarix-mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, (VII-XII əsrlər), Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), Ağdamın Xaçın Türbətli kəndindəki məqbərə (XIV əsr), dünyanın ən qədim yaşayış yerlərindən biri sayılan Füzuli rayonundakı Azıx mağarası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

“Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki mədəni irs nümunələrinin məhv edilməsi yalnız Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən vəhşilikdir. Bu vəhşi təcavüzə son qoymaq və daha çox dağıntıların qarşısını almaq yalnız Azərbaycanın deyil, bütün dünyanın narahatlığına səbəb olmalıdır”, – deyə bəyanatda vurğulanır.