Azərbaycan əsgərinin ayaq səslərini duyan abidələrimiz də bizi gözləyir...
Artıq bir neçə gündür ki, bütün xalqımızın qəlbi də, nəbzi də ön cəbhə üçün vurur. İllərdir yağmalanmış yurdların, işğal olunmuş torpaqların azad olunmasına, şanlı Ordumuzun böyük zəfərinə bəslənən dağ boyda inam və qürur hissi ilə. Bu hiss nərəyə çevrilib dağlara, qayalara yayıldıqca yağı tapdağı altında qalan, darmadağın edilən tarixi irsimiz, talan edilən mədəni irs nümunələrimiz də sevinir.
Doğrudur, obrazlı səslənə bilər, amma bir xalqın tarixini yaşayaraq yaşadan abidə elə o xalqın bir fərdi, danışan keçmişidir. Bu mənada 30 ilə yaxındır virana çevrilən abidələrimiz də bizim dönüşümüzü gözləyir.
Son günlər düşmənin hücumları zamanı dinc sakinlər, onların yaşadıqları evlər, mülki və ictimai obyektlərlə yanaşı maddi mədəniyyət nümunələrimiz, tarixi abidələrimiz də hədəf götürülür. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yenidən törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində düşmənin yaşayış məntəqələrimizə istiqamətlənmiş atəş zərbələri zamanı Füzuli rayonunun Babı kəndindəki ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə də ziyan dəyib. Onu da qeyd edək ki, türbə rayonun hələ 1994-cü ilin yanvarında işğaldan azad olunmuş ərazisində yerləşir və indiyədək də düşmən hədəfində olub.
Bu günlər isə müzəffər Ordumuz Füzuli-Cəbrayıl istiqamətində irəliləyərək Vətən torpaqlarını yağı tapdağından azad edir. Bu vəsilə ilə biz də hər daşı bir tarix olan Qarabağın qədim yurd yerlərinin abidələri, tarixi-mədəni və memarlıq irsi barədə söhbət açmaq istəyirik. Bu yazıda Füzuli rayonunun ərazisindəki bəzi abidə və tarixi məkanlardan bəhs edəcəyik.
Hündür ulu təpə
Füzuli rayonu ərazisində yerləşən Qaraköpəktəpə də bu qəbil abidələrdəndir. Köndələnçayın sahilində yerləşən konus şəklində olan bu təpədən tapılan materiallar böyük bir tarixi dövrü öyrənməyə imkan verir. Həmin mərhələ Eneolit dövründən Orta əsrlərə qədər önəmli bir dövrü əks etdirir. Alimlərin qənaətinə görə, bu təpənin adı qədim türk dilində “hündür ulu təpə” mənasını verir. Onun hündürlüyü 50 m-ə çatır.
Arxeoloji tədqiqatlar abidənin e.ə. V minillikdən b.e. XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən edib. Burada aşkar edilən ən qədim saman qatışıqlı gil qablar Eneolit dövrünə (e.ə.IV-II minilliklər) aiddir. Tədqiqatçıların fikrincə, tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünü əks etdirir. Bundan başqa, təpənin üst qatlarında Son Tunc, Erkən Dəmir və Antik dövrlərə aid mədəniyyət nümunələri aşkar edilib götürülüb. Maraqlı bir fakt da odur ki, Azərbaycanda antik dövrə aid yaşayış yeri ilk dəfə burada aşkar edilib.
Burada həmçinin İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formalı iki bina qalığı tapılmışdı. Bu binaların tikintisində qaba yonulmuş daş parçaları və çay daşlarından istifadə edilib. Eyni zamanda binalarda içi çay daşlarından qurulmuş ocaqlar olub.
Əldə olunan tapıntılar onu göstərir ki, Sasanilərin Azərbaycanda hökmranlığı dövründə Qaraköpəktəpə mühüm strateji məntəqəyə çevrilibmiş. Qaraköpəktəpənin məhz Sasanilər dövründə Təxti-Tavus adı ilə yeni yüksəliş dövrünə qədəm qoyması haqqında da fikirlər mövcuddur.
Adı Qarğabazar olsa da...
Füzuli şəhərindən 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir. Qarğabazar kəndi bölgədən keçən karvan yolunun ticarət qovşaqlarından biri olub. Bunu kənddə qalan iri karvansara binası da sübut edir. XVII əsrdə əsas kütləsi yonulmamış daşdan tikilmiş karvansara planda bir küncü kəsilmiş uzunsov düzbucaqlı formadadır. Onun uzun tərəflərini başdan-başa tağbəndlə örtülü iki iri yerləşmə tutub. Görünür, bu uzun yerləşmələr karvan heyvanları üçün nəzərdə tutulubmuş. Karvansaranın əsas yaşayış otaqları girişlə üzbəüz, uzun heyətin ensiz şimal tərəfində olub. Qarğabazar karvansarası Azərbaycan mülki memarlığının yolüstü karvansara tipinin çox dəyərli bir örnəyidir, 27 illik işğaldan sonra bu tikilidən nə qaldığını, inşallah, çox tezliklə, o torpaqlara təkrar ayaq basanda biləcəyik...
Nadir türbə
Mir Əli türbəsi rayon ərazisində XIV əsrə aid xatirə memarlıq nümunəsi olub. Aşağı Veysəlli kəndində təpə üzərindəki qülləvarı türbənin hansı memar tərəfindən ucaldılması dəqiq müəyyən edilməsə də, xalq arasında Mir Əli türbəsi adı ilə tanınıb. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Üzərində kitabə və ornament olmasa da, inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə — XIII əsrin sonu - XIV əsrin əvvəllərində tikildiyini demək olar.
Füzuli rayonu ümumən tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu sıraya rayonun Əhmədalılar kəndində Orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Hacı Ələkbər məscidi, Qarğabazar kənd məscidi, eyni zamanda Şükür bəyin imarəti (Qoçəhmədli kəndi) bu kimi unikal memarlıq nümunələrindəndir.
O səhnə yenə öz yerində olacaq!
Tarixi abidələri ilə yanaşı, mədəniyyət müəssisələri də talan edilən rayonun sənət ocağı – Füzuli Dövlət Dram Teatrı da eyni taleni yaşayıb. Bir neçə illik didərginlik taleyindən sonra rayonun Horadiz qəsəbəsində (hazırda şəhər) fəaliyyətini davam etdirməyə başlayan teatrın yeni binası da var. Bununla belə, bu sənət ocağının kollektivi də əzəli məkanlarına qayıtmaq, Füzuli şəhərində inşa olunacaq binasında tamaşalar göstərmək arzusu ilə yaşayır...
“Qarabağ – irsimizin əbədi yaddaşı” kitabındakı məlumatlar əsasında
Hazırladı: HƏMİDƏ