Azərbaycan Aşıqlar Birliyinin (AAB) təşəbbüsü ilə İsmayıllı rayonunda ustad aşıq Yanvar Bədəlov adına “Talıstan” aşıqlar ansamblı yaradılıb.
Bu barədə məlumat verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, ansamblın yaradılmasında əsas məqsəd İsmayıllı və ətraf bölgələrdə aşıq sənəti ilə məşğul olanları bir yerə cəmləmək, onların fəaliyyətini stimullaşdırmaq, eləcə də yeniyetmə və gənclərdə bu sənətə marağın artırılmasına nail olmaqdır.
Aşıq Elman Mehdiyevin rəhbərliyi altında yeni yaradılmış ansamblın üzvləri ustad aşıq Cavid Əmiraslanov, Sahibə Abdullayeva, Qalib Güləliyev, Elçin Məmmədov, Mətləb Məmmədov, solo saz ifaçısı Rövşən Baxşəliyev, balabançılar Əlicavad Cavadov və Aqil Xudaverdiyevdir. İsmayıllı rayon Mədəniyyət Mərkəzində məşqlərə başlayan ansamblın yaxın zamanlarda ilk çıxışı təqdim olunacaq.
M.Nəbioğlu qeyd edib ki, aşıq sənətinin daha çox yayıldığı digər rayonlarda da belə ansamblların yaradılması nəzərdə tutulur.