Mədəniyyət Nazirliyi tərəfindən internet məkanda həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” layihəsi davam edir.

Layihə çərçivəsində işğal altındakı torpaqlarda qalmış tarixi abidələrimiz, dağıdılan, talan edilən mədəniyyət ocaqları, memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda ermənilər tərəfindən saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlər nazirliyin saytında, sosial şəbəkə səhifələrində, eləcə də müxtəlif sayt və elektron resurslarda yayılır. Foto illüstrasiyalarla müşayiət olunan paylaşım materialları ingilis dilində beynəlxalq ictimaiyyətə çatdırılır.

Bu silsilədən materialların bir qismini təqdim edirik.

 

Milli Xalça Muzeyinin Şuşa filialı

 

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı 19 may 1987-ci il tarixində Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdı.

Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalarkən (may 1992-ci il) filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib. Həmin vaxtdan etibarən xilas olunmuş eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilir və muzeyin fondunda qorunub saxlanılır.

 

Sarı Aşığın Xatirə Muzeyi (Laçın)

 

Laçın rayonunun Güləbird kəndində XVII əsrdə yaşamış bayatı ustadı Sarı Aşığın Xatirə Muzeyi 1989-cu ildə istifadəyə verilmişdi. Xatirə muzeyinə Sarı Aşıqla bağlı 150 əşya bağışlanılmış və abidəsi ucaldılmışdı.

Muzeyin əsas fəaliyyət istiqaməti Sarı Aşığın irsinin, dillər əzbəri olan şeirlərinin, deyimlərinin itib-batmaması və gələcək nəsillərə çatdırılması olub.

1992-ci ilin mayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Laçın rayonunun işğal edilməsi nəticəsində muzeyin binası və 200-ə yaxın eksponatı talan olunub.

 

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi

 

Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə yaradılmışdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprelində Ermənistan tərəfindən işğalından sonra Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyi öz fəaliyyətini dayandırmış, muzeyin əsas fondu tamamilə itirilmişdi. Bundan sonra muzey Bakı şəhərində qismən bərpa edilib. Hazırda Mehdiabad qəsəbəsində yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərir. Muzeyin əsas və köməkçi fondu 6 mindən çox eksponatdan ibarətdir.

 

Ağdam Çörək Muzeyi

 

Dünyada ikinci, keçmiş SSRİ məkanında isə bu adda ilk və yeganə muzey olan Ağdam Çörək Muzeyi 1983-cü ilin noyabr ayında fəaliyyətə başlamışdı.

Muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, habelə qədim əkinçilik alətləri (xış, adi və dişli oraq, taxıldöyən vərdənə, əldəyirmanı və s.) nümayiş olunurdu.

1992-ci il avqust ayının 12-də erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Ağdam Çörək Muzeyinin binası dağıdıldı və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

 

Füzuli Tarix-Diyarşünaslıq Muzeyi

 

Füzuli Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdı. 6000-ə yaxın eksponatı vardı. 1993-cü ildə rayonun Ermənistan tərəfindən işğalı zamanı qismən xilas edilmiş eksponatları əsasında muzey Bakı şəhərində fəaliyyətini bərpa etmişdi. Daha sonra muzey üçün Horadiz qəsəbəsində yeni bina tikildi. 2014-cü ildə Füzuli Tarix-Diyarşünaslıq Muzeyində bədii tərtibat işləri aparılıb, texniki vəsait və avadanlıq alınıb. Muzeyin sahəsi 345 kvadratmetrdir, fondunda 5200-dək eksponat var.