Görkəmli alim və ziyalı Gürcüstan türklərinin mədəniyyət və maarifi yolunda mühüm xidmətlər göstərib
1895-ci ildə Naxçıvanda dünyaya göz açmış və bu şəhərdə ibtidai təhsil almış görkəmli ədəbiyyatşünas-alim, tənqidçi, tərcüməçi Əziz Şərifin (Əziz Qurbanəli oğlu Şərifzadə) ömrünün gənclik dövrü əsasən Tiflislə bağlıdır. O, orta təhsilini 1915-ci ildə Tiflisdə başa vurub, həmin il Moskva Kommersiya İnstitutuna qəbul olunub. 1917-ci ildə Rusiya imperiyasında baş verən taleyüklü siyasi-ictimai proseslər, kütləvi xalq hərəkatları Cənubi Qafqaza da təsirsiz ötüşmür və Əziz Şərif tələbə ikən müsəlman sosial-demokrat “Hümmət” təşkilatının sıralarında aktiv siyasi-ictimai həyata atılır. O, Naxçıvan şəhərinin Fəhlə və Əsgər Deputatları Şurası İcraiyyə Komitəsinin sədr müavini və Fəhlə Deputatları Şurasının sədri vəzifəsini tutur. 1917-ci ilin Oktyabr çevrilişindən sonra – həmin ilin 26-28 noyabr tarixində keçirilmiş Ümumrusiya Müəssislər Məclisinə seçkilərdə iştirak edir. Onun adı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) “Hümmət” müsəlman təşkilatının Zaqafqaziya seçki dairəsi üzrə 12 nəfərlik namizəd siyahısında 5-ci sırada idi.
1918-ci ilin yanvar ayında yenidən Tiflisə qayıdan Ə.Şərif burada “Hümmət”in Tiflis şöbəsinin ən fəal üzvlərindən biri olur. “Hümmət”in yayım orqanları “Gələcək” və “Probujdeniye” qəzetlərinin redaktoru olur, həmçinin Tiflisdə nəşr olunan digər qəzet-jurnallarla əməkdaşlıq edir. Tiflisə dönüşü barədə Ə.Şərif xatirələrində yazırdı: “Rusiya inqilabı dünyanı sarsıdırdı. Onun dalğaları məni də doğma yurdumdan ayırıb, Tiflisə atdı və uzun müddət Tiflisdə yaşayıb, tiflisli oldum”.
***
26 may 1918-ci ildə müstəqilliyini elan etmiş Gürcüstan Demokratik Respublikasının ilk ali qanunverici orqanı olan Milli Şura qəbul etdiyi 13 sentyabr 1918-ci il tarixli qanunla öz tərkibində etnik azlıqların nümayəndələrinə saylarına uyğun kvotalar ayırır. Bu qanuna əsasən, Ə.Şərif görkəmli yazıçı-dramaturq və diplomat Əbdürrəhim bəy Haqverdiyev, müəllim Mirzə Hüseyn Həsənzadə və sol radikal sosialistlərin liderlərindən Əliheydər Qarayev ilə birlikdə Gürcüstan Müsəlmanları Milli Şurasının xətti ilə 1918-ci ilin oktyabr ayında artıq rəsmən parlament adlandırılan Gürcüstan Milli Şurasında ölkə azərbaycanlılarını təmsil etmək hüququnu əldə edir.
Stenoqram yazılarından Ə.Şərifin parlament iclaslarında müəyyən məsələlərə dair müzakirələrdə fəal iştirak etdiyini görmək mümkündür. Parlamentin 15 oktyabr tarixli iclasında “Dövlət dili haqqında” Qanunun müzakirəsi zamanı sədr Ekvtime Takaişvilidən söz istəyən Ə.Şərif gürcü dilini sərbəst bilmədiyinə görə üzrxahlıq edərək həm özünün, həm də müsəlman yoldaşlarının çıxışları zamanı deputatların hamısının başa düşdüyü rus dilindən istifadə etməli olacaqlarını qeyd edir və müsəlman deputatların adından aşağıdakı bəyanatı səsləndirir:
“Biz – sizinlə eyni mühiti bölüşən Gürcüstan müsəlmanlarının nümayəndələri ümid edirik ki, xalqımızın psixologiyasını və istəklərini bilməklə müsəlmanlara aid olan məsələlərdə sizin çətin işinizi asanlaşdıra bilərik. Hesab edirik ki, bizim xalqların dostluğu və qardaşlığı haqqında danışmaq ziyadədir, çünki onların bir-birinə münasibəti hamıya yaxşı bəllidir.
Yalnız xarici qüvvələrin deyil, həmçinin öz aralarından çıxmış xalq düşmənlərinin zərbələrini üzərində hiss edən müsəlman demokratiyası indi dərindən nəfəs alacaq, azadlığın gözəlliyini və dinc əməyi hiss edəcək və onda inanın, onu müstəqil Gürcüstandan aralaya biləcək elə bir güc olmayacaq (alqışlar). Bizə azadlıq bəxş edən böyük rus inqilabı ağır, az qala ölümcül böhran dövrünü yaşayır və onun nailiyyətlərinin – azadlıq və bərabərliyin saxlandığı, dostluğun, birliyin mövcud olduğu bir guşə varsa – bu, kiçik Gürcüstandır (alqışlar). Biz, Gürcüstan müsəlmanlarının nümayəndələri bu nailiyyətləri bütün mümkün qüvvələrimizlə möhkəmləndirəcəyik və istər xarici, istərsə də daxili düşmənlərdən qoruyacağıq.
Və bilin, bu gənc dövləti hansı sınaqların gözləməsindən və hansı təhlükələrin təhdid etməsindən asılı olmayaraq, biz cəsarətlə, davamlı olaraq sizinlə çiyin-çiyinə addımlayacağıq və həm sevincinizi, həm də gələcəkdə mümkün kədərinizi qardaşcasına bölüşəcəyik (alqışlar). Gürcüstan parlamentinin üzvü olan vətəndaşlar, sizi salamlayaraq, sizin simanızda azadlıqsevər gürcü xalqına atəşin salamlar və səmimi arzularımı göndərirəm”.
Ə.Şərif bu çıxışına başlayarkən onun rus dilində olmasına etiraz əlaməti olaraq milli demokratlar nümayişkaranə şəkildə zalı tərk etsələr də, azərbaycanlı-müsəlman deputatın nitqi İ.Sereteli və digər sosial-demokratlar tərəfindən böyük məmnunluqla qarşılanır. Bu barədə məlumat dərc edən rusdilli “Qruziya” qəzeti istehza ilə yazırdı: “Özlərinin rus dilində çıxışları ilə gürcü siyasi partiyaları arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb olan müsəlman “hümmətçiləri” gürcü xalqının düşmənləri təbrik edə bilərlər... Cənab Şərifova “şərəf və şöhrət!”.
Pedaqoq-alim G.Qocayeva-Məmmədovanın Gürcüstan Demokratik Respublikasında yerli Azərbaycan türklərinin təhsil tarixinə dair araşdırmalarından Ə.Şərifin deputatlığa paralel olaraq Borçalı qəzasının məktəb şöbəsinin müdiri vəzifəsini tutub, qəzada maarif işinin inkişafına rəhbərlik etdiyi bəlli olur: “1919-cu il yanvarın 31-də Borçalı qəza məktəb şöbəsinin müdiri və idarə üzvü Ə.Şərifovun imzasıyla Xalq Maarifi Nazirliyinə belə məzmunda təliqə yazılmışdı: “Borçalı qəzasında məktəb işi öz inkişafının birinci pilləsindədir və buna görə Xalq Maarifi Nazirliyinin ona xüsusi diqqət yetirməyini tələb edir. Ələlxüsus, bu baxımdan müsəlman kəndləri geri qalırlar, belə ki, həmin kəndlərin sayı ilə müqayisədə məktəblərin sayı olduqca az faizi təşkil edir, məsələn, Zalqada 5 müsəlman kəndində yalnız bir məktəb var...”. Yerli idarə məclisi bu durumu, əhalinin maariflənməsi ehtiyaclarını nəzərə alaraq, Maarif Nazirliyindən qəzada yeni məktəblər açılması üçün zəruri kredit buraxmağını xahiş etmişdi. Nazirlik xahişi yerinə yetirmiş və qəzada 6 yeni Azərbaycan məktəbi də təşkil olunmuşdu”.
1919-cu ilin 14-17 fevral tarixində bərabər və birbaşa seçki hüququ əsasında gizli və azad səsvermə yolu ilə keçirilmiş ümumxalq seçkiləri nəticəsində Gürcüstan Milli Şurasının transformasiyası əsasında yaranmış parlament fəaliyyətini dayandırır və ali qanunvericilik səlahiyyətini Gürcüstan Müəssislər Məclisinə ötürür.
Arxiv sənədlərindən və o dövrün mətbuat xəbərlərindən aydın olur ki, Müəssislər Məclisinə seçkilər zamanı Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının 14 yanvar 1919-cu il tarixində təsdiq olunmuş ilkin siyahısına 3 türk-müsəlmanın ‒ 39-cu sırada Hüseynqulu (Söyünqulu) Məmməd oğlu Məmmədovun, 65-ci sırada Əbdüləziz Qurbanəli oğlu Şərifovun və 119-cu sırada Əhməd Əli oğlu Məmmədovun adları salınmışdısa, sonradan müəyyən korrektələr edilir və siyahıda yalnız əslən Qaraçöp mahalının Yor-Muğanlı kəndindən olan Hüseynqulu Məmmədovun adı saxlanılır.
Ə.Şərif 1919-cu ilin iyun ayında Borçalı qəzasının “eroba” adlanan yerli özünüidarəetmə orqanlarına seçkilərə qatılaraq Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının və “Hümmət”in vahid siyahısı üzrə Borçalı dairəsindən qəza “qlasnı”sı (deputat) seçilir.
20-22 iyul 1919-cu il tarixində Katerinenfeld (Yekaterinenfeld – indiki Bolnisi şəhəri) koloniyasında Borçalı qəza yerli özünüidarəetmə məclisinin ilk iclası keçirilir. 24 qlasnının, Daxili İşlər naziri P.Çiçinadzenin və Müəssislər Məclisinin üzvü E.Sirbiladzenin iştirak etdiyi toplantıda əvvəlcə qlasnıların təntənəli surətdə andiçmə mərasimi keçirilir.
Toplantıda salamlama nitqi ilə Daxili İşlər naziri çıxış etdikdən sonra sayları 5 nəfər üzvdən ibarət yerli özünüidarəetmə idarəsi (“zemstvo uprava”sı) formalaşdırılır; üzvlərdən ikisi ‒ P.M.Kavkasidze və R.A.Ramişvili kənardan dəvət olunurlar, üçü isə ‒ Ə.Q.Şərifov (Moskva Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi), N.S.Papandopulo (milliyyətcə yunan, orta təhsilli xalq müəllimi) və E.İ.Kromer (milliyyətcə alman, orta təhsilli) qlasnılar arasından seçilirlər. P.M. Kavkasidze idarənin sədri seçilir. İclasda idarənin sədrinə 2500 rubl, üzvlərinə isə 2250 rubl aylıq məvacib təyin olunur, həmçinin idarə nəzdində 12 şöbə təsis edilir. Ə.Şərifə xalq maarifi, tibbi-sanitar və veterinar (baytarlıq) şöbələri həvalə olunur. “Qafqaz şəhəri” jurnalının 1919-cu il 1 noyabr tarixli sayına istinadən təqdim etdiyimiz bu məlumatda Ə.Şərifin 1915-ci ildə qəbul olunduğu Moskva Kommersiya İnstitutunun 4-cü kurs tələbəsi olması barədə qeyd diqqəti çəkir. Bu qeyddən aşkar olur ki, Ə.Şərif Gürcüstanda yaşayaraq ictimai-siyasi fəaliyyətlə məşğul olmaqla bərabər ali təhsilini də qiyabi və kəsintisiz şəkildə davam etdirə bilirdi.
Borçalı qəza idarəetmə məclisinin ilk toplantısı iştirakçılarının ‒ məclisin sədri Al.K.Korintelinin, yerli özünüidarəetmə idarəsinin sədri P.M.Kavkasidzenin və üzvləri Ə.Q.Şərifovun, E.İ.Kromerin, N.S.Papandopulonun, R.A.Ramişvilinin, eləcə də toplantıya qatılan qəza qlasnılarının birgə fotoşəkli gürcü dilində nəşr olunan “Teatr və həyat” dərgisinin 1919-cu il 12-ci sayında dərc olunaraq tarixin yaddaşına həkk olunmuşdur.
16 dekabr 1919-cu ildə Borçalı qəzasının Katerinenfeld alman koloniyasında Gürcüstan “Hümmət” Sosial-Demokrat Fəhlə Partiyasının (menşeviklər) ilk qurultayı keçirilir. Qurultayda Ə.Şərif partiyanın Mərkəzi komitəsinin sədri, bolus-kəpənəkçili Molla İsa Molla Nəsib oğlu ‒ sədr müavini, arıxlılı Ziyəddin Əfəndiyev (ədəbiyyatşünas, publisist, yazıçı və şair Ziya Borçalı) ‒ katibi, Məşədi Bala Aslan oğlu, Axlımahmudlu kəndindən Məmməd Hacı oğlu, Saraçlıdan Qurban Həsən oğlu (Aşıq Hüseyn Saraçlının atası) və İ.Aslan oğlu isə üzvləri seçilirlər.
Qeyd edək ki, Gürcüstan “Hümmət” Partiyasının Mərkəzi komitəsində təmsil olunanlardan M.Hacı oğlu ilə M.B.Aslan oğlu Ə.Şəriflə birlikdə Borçalı dairəsindən, M.İ.Nəsib oğlu və Q.Həsən oğlu isə Katerinenfeld dairəsindən Borçalı qəza deputatı seçilmişdilər. Z.Əfəndiyevin adı isə Tiflis Şəhər Şurasına 2 fevral 1919-cu ildə keçirilmiş seçkilər zamanı Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının seçki siyahısında 90-cı sırada yer almışdı.
Gürcüstan hümmətçi-menşeviklərinin ilk qurultayında partiyanın yeni seçilmiş mərkəzi komitəsinə Gürcüstan Sosial-Demokrat Fəhlə Partiyasının mərkəzi komitəsi ilə sıx əməkdaşlıq əlaqələri qurmaq həvalə olunur və növbəti qurultayın 1920-ci ilin yaz fəslinin sonunda çağırılması qərarlaşdırılır.
Azərbaycan sovet işğalına məruz qalandan bir neçə gün sonra, 1920-ci ilin may ayının 14-də Ə.Şərifin sədrliyi ilə Katerinenfelddə solçu yönümlü Borçalı müsəlmanlarının növbəti qurultayı keçirilir. Qurultay iştirakçıları Ə.Şərifin imzası ilə Gürcüstan Respublikası hökumətinin sədrinə belə bir depeşa göndərir: “Borçalı müsəlmanlarının qurultayı sizi – hüquq-bərabərlik bayrağını yüksəkdə tutan, respublikanın müstəqilliyini qapıda dayanmış düşməndən (bolşeviklərdən – F.V.-H.) qorunmasını əhd etmiş gürcü demokratiyasının rəhbərini salamlayır. Yaşasın Gürcüstan Respublikası”.
Qurultay tərəfindən Gürcüstan Müəssislər Məclisinin sədrinə də aşağıdakı məzmunda teleqram ünvanlanır: “Borçalı müsəlmanlarının qurultayı xalqın iradəsinin ifadəçisi olan Müəssislər Məclisini salamlayır və ümid edir ki, Gürcüstanın birləşmiş demokratiyası respublikanın bütün düşmənlərinə cavab verəcək”.
***
“Hümmət”in Gürcüstan şöbəsinin Azərbaycan türkcəsində həftəlik yayım orqanı “Yeni dünya” siyasi, ictimai, iqtisadi, xalq qəzetinin 30 noyabr 1920-ci il tarixli 24-cü sayında dərc olunmuş məlumatdan Ə.Şərifin həmin ilin 26 noyabrında Gürcüstan hökumətinin sədri N.Jordaniya ilə görüşərək türk-müsəlman əhalinin təhsil, mədəniyyət, mətbuat və digər sahələrdə üzləşdiyi problemləri müzakirə etdiyi bəlli olur: “Bu cümə günü Gürcüstanda “Hümmət” firqəsinin sədri yoldaş Ə.Şərif Gürcüstan hökumətinin sədri Noe Jordaniyanın hüzurunda bulunub ona Gürcüstan müsəlmanlarının haqqında bir məruzə təqdim etmişdir. Bu məruzədə Ə.Şərif Gürcüstan türklərinin mədəniyyət və maarif işlərinə kömək istəyir. Bu kömək gərək ibarət olsun: 1) Türk müəllimləri hazırlaşdırmaqdan və hər haradan olsa, əlli nəfər ali mədrəsələr qurtarmışların çağırılmağından, 2) Tiflisdə Türk teatrosundan və qeyri-maarif cəmiyyətlərindən ötəri Vorontsov küçəsində bir böyük ev tikilməsindən ki, bu evdə həm teatro olsun, həm də xalq darülfünü, qiraətxana, kitabxana və qeyri, 3) Türk dilində qəzet və kitabçalar çap olunmasına kömək etməkdən...”.
Məlumdur ki, Gürcüstan Demokratik Respublikası 1921-ci ilin fevral ayında süquta uğrayandan sonra Ə.Şərif vaxtilə Gürcüstan Milli Şurasında eyni kürsünü bölüşdüyü Əliheydər Qarayevin göstərişi ilə Gürcüstan Sosial-Demokrat Partiyası (menşeviklər) Mərkəzi komitəsinin üzvü kimi həbs edilərək Bakıya gətirilmiş, lakin çox keçmədən Nəriman Nərimanovun birbaşa müdaxiləsi ilə azadlığa buraxılmışdır. 1922-ci ilin yanvar ayında Naxçıvan Sovet Sosialist Respublikasının (1920-1923-cü illərdə mövcud olub, 1924-cü ildən Naxçıvan MSSR – red.) Gürcüstanda nümayəndəsi təyin edilmiş, 1925-1935-ci illərdə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsində məsləhətçi vəzifəsini tutmuşdur. XX əsrin 20-30-cu illərində Tiflisdə müxtəlif dövlət vəzifələri icra etməklə yanaşı, mətbuat və nəşriyyat sahəsində də çalışmışdır. 1943-cü ildə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun tənqid bölməsini bitirmiş, 1950-1961-ci illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda və Dünya Ədəbiyyatı İnstitutunda baş elmi işçi olmuş, 1956-cı ildə “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. 1961-1988-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsində SSRİ xalqları ədəbiyyatı kafedrasının professoru vəzifəsində çalışmışdır. O, 1988-ci ildə Moskvada vəfat etmiş, Naxçıvanda dəfn olunmuşdur.
***
Tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə sahəsində səmərəli fəaliyyət göstərən Ə.Şərif ilk gənclik illərində Tiflisdə nəşr olunan “Molla Nəsrəddin” jurnalının redaksiyasında işləmiş, həmin dövrdə görkəmli Azərbaycan şair və yazarlarından M.Ə.Sabir, Ə.Haqverdiyev, H.Cavid və Ə.Qəmküsarla yaxın dostluq əlaqələrində olmuş, ədəbi fəaliyyətə də “Molla Nəsrəddin”də dərc olunan “Naxçıvandan məktublar”ı ilə başlamışdır. Ə.Şərifin Ə.Haqverdiyevlə dostluq əlaqələri onların Gürcüstan Milli Şurasında – parlamentində həmkar olduqları zamandan etibarən daha da dərinləşir. Bu barədə o, xatirələrində yazırdı:
“...Tiflisdə Müsəlman Milli Şurası həmin il (1918-ci il – F.V.-H.) 29 sentyabrda öz tərəfindən Gürcüstan parlamentinə dörd nəfər nümayəndə seçmişdi: Əbdürrəhim bəy Haqverdiyev, Əliheydər Qarayev, müəllim Mirzə Hüseyn Həsənzadə və mən. Bu vaxtdan etibarən ta Haqverdiyev Bakıya gedən günə qədər biz hər gün, ya günaşırı görüşür, danışır, dərdləşirdik. Nəticədə biz daha da yaxınlaşdıq... Mənim arxivimdə Tiflisdə K.Y.Zubalov adına Xalq evi nəzdində Türk Dram Cəmiyyətinin 1919-cu il üçün üzvlük bileti vardır. Mənim adıma yazılmış bu bileti Türk Dram Cəmiyyəti İdarə heyətinin sədri Ə.Haqverdiyev imzalamışdır”.
Ə.Şərif, yuxarıda təqdim etdiyimiz məlumatlardan da göründüyü kimi, varlığını cəmi 33 ay sürdürə bilmiş Gürcüstan Demokratik Respublikasının ictimai-siyasi həyatında istər Gürcüstan parlamentinin üzvü və Borçalı qəzasının deputatı, istərsə də Gürcüstan “Hümmət” Sosial-Demokrat Partiyasının mərkəzi komitəsinin sədri kimi kifayət qədər aktiv rol oynasa da, çap olunmuş xatirələrində, çox güman ki, sovet siyasi-ideoloji konyunkturuna uyğun olaraq həmin tarixi dövrdəki fəaliyyəti və əlaqələri barədə heç nə açıqlamırdı.
Fəxri VALEHOĞLU-HACILAR,
tarix elmləri doktoru