Bölgələrdəki mədəniyyət müəssisələrindən Ordumuza dəstək aksiyaları

Azərbaycan Ordusunun düşmənə ağır zərbələr vurması, yağı tapdağındakı bir sıra yaşayış məntəqələrimizi işğaldan azad etməsi cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradıb. Bununla əlaqədar Mədəniyyət Nazirliyinin regional idarələri və onların əhatə etdiyi mədəniyyət müəssisələri tərəfindən müzəffər Ordumuza dəstək məqsədilə müxtəlif tədbirlər təşkil olunur.

Masallı Regional Mədəniyyət İdarəsində son günlər qoşunların təmas xəttində baş verən hadisələrlə bağlı iclas keçirilib. İclasda mədəniyyət işçiləri tərəfindən Ordumuza geyim, ərzaq, zəruri şəxsi ləvazimat və s. dəstək verilməsi, həmçinin mədəniyyət müəssisələrində çalışmış və hazırda könüllü olaraq cəbhədə döyüşən əməkdaşların ailələrinə maddi və mənəvi dəstək göstərilməsi ilə bağlı təşəbbüs irəli sürülüb.  

İdarə rəhbərliyi və tabe müəssisələrin əməkdaşları tərəfindən cəbhəyə könüllü yola düşmüş mədəniyyət işçilərindən Nurlan Muradov, İbrahim Əliyev və Ümid Cavadovun ailələri ziyarət edilib, onlara ərzaq yardımları təqdim olunub. Eyni zamanda regional idarə və tabe müəssisələrin əməkdaşlarının iştirakı ilə hərbçilərimizə geyim və zəruri şəxsi ləvazimatdan ibarət bağlamalar göndərilib.

***

Sabirabad Regional Mədəniyyət İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə “Başqa yolu yox artıq” başlığı altında vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir çərçivəsində Ordumuzun qüdrətinin əks olunduğu “Başqa yolu yox artıq” başlıqlı təşviqat vərəqələri, bukletlər hazırlanaraq rayon sakinləri arasında paylanılıb. Təbliğat materiallarında Ali Baş Komandan, Prezident İlham Əliyevin xalqımıza qələbə soraqlı müraciətləri, təbrikləri və ürək sözlərinə yer verilib.

Regional idarənin kollektivi hərbi təlimlərdə iştiraka cəlb olunan həmkarları – baş mütəxəssis Mehralı Muradovun və rayon MKS-nin Şəhriyar kənd kitabxanasının işçisi Paşa Əliyevin ailələrini ziyarət edib, ərzaq sovqatı verib.

Bundan əlavə, Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən rəis Əhməd Ramazanovun iştirakı ilə cəbhənin Füzuli istiqamətinə 250 ədəd bel-kürək, 500 ədəd kisə, 10 ədəd işıq fənəri və 300-dən çox təkər çatdırılıb.

***

Ağstafa Regional Mədəniyyət İdarəsinin kollektivi Qarabağ qaziləri ilə birlikdə Vətən müharibəsində bu günlərdə qəhrəmancasına şəhid olan Ağstafanın Kolxəlfəli kənd sakini, kiçik çavuş Elşən Piriyevin məzarını ziyarət edib. Regional idarənin rəisi Vüqar Qədirov çıxış edərək şəhidliyin ən şərəfli və ali zirvə olduğunu diqqətə çatdırıb. Bildirib ki, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin qətiyyəti ilə işğalçı orduya ağır zərbələr vurulur, hər gün torpaqlarımızın bir qismi işğaldan azad edilir. Şəhidlərimizin qisasının bütünlüklə alınacağı, Qarabağın və ətraf rayonların işğaldan tam azad olunacağı gün uzaqda deyil.

***

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin oxu zalında pandemiya şəraitinə uyğun olaraq ara məsafə saxlanılmaqla “Zəfər səninlədir, Azərbaycan əsgəri!” adlı tədbir keçirilib. Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin direktor müavini Hüriyyə Sultanova qəhrəman Ordumuzun ön cəbhədəki şücaətlərindən söz açıb. Sonra kitabxananın əməkdaşları Nazilə Əsədullayeva və Məlahət Məmmədova Vətən torpağının qorunmasında böyük şücaət göstərərək şəhidlik mərtəbəsinə yüksələn Mübariz İbrahimov, Fərid Əhmədov, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və başqaları haqqında məlumat verib. Kitabxananın fəal oxucuları vətənpərvərlik mövzusunda kompozisiya ilə çıxış ediblər. Sonda “Zəfər səninlədir, Azərbaycan əsgəri!” adlı videoçarx nümayiş olunub.

N.MƏMMƏDLİ