Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.
Foto illüstrasiyalarla müşayiət olunan paylaşım materialları ingilis dilində də müxtəlif sayt və elektron resurslarda yayılaraq beynəlxalq ictimaiyyətə çatdırılır.
Bu silsilədən materialların növbəti qismini təqdim edirik.
Xurşudbanu Natəvanın evi (Şuşa)
Azərbaycanın görkəmli şairəsi, “Xan qızı” adı ilə el arasında tanınan Xurşudbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir.
1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi məktəbi bu binada fəaliyyətə başlamışdı. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbi adlandırılıb.
1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşudbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb.
1992-ci il mayın 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi: rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilib.
Laçın Tarix-Diyarşünaslıq Muzeyi
Yüksək bədii və tarixi səciyyə daşıyan eksponatlarla zəngin olan Laçın Tarix-Diyarşünaslıq Muzeyi 1979-cu ildə fəaliyyətə başlamışdı. Muzeyin əsas fondunda 5 mindən artıq eksponat toplanmış, yardımçı fondla birlikdə muzeydə ümumilikdə 10 minə yaxın əşya mövcud olmuşdu.
1992-ci ilin mayında Ermənistan ordusu tərəfindən Laçın şəhərinin işğal edilməsi nəticəsində muzey binası dağıdılmış, eksponatları məhv və talan edilmişdi. Beş mindən çox qiymətli eksponat talan edilərək Ermənistan Respublikasına aparılmış və hazırda Laçın Tarix-Diyarşünaslıq Muzeyinin talan olunmuş eksponatları bir sıra ölkələrdə “erməni maddi mədəniyyət nümunələri kimi” nümayiş etdirilir. Muzey öz fəaliyyətini Bakı şəhərində bərpa edib. Muzey əsasən toplama işi ilə məşğul olur və indiyədək fonduna 1000-dən çox əşya daxil edilib.
Ağdam Cümə məscidi
Ağdam Cümə məscidi (inv. 202) 1868-1870-ci illərdə tikilmişdi. Memarı Kərbəlayı Səfixan Qarabaği olan məscidin iki minarəsi vardı. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən ucalan minarələr isə kərpicdən hörülmüşdü.
1993-cü ildə Ağdam rayon mərkəzi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra, digər tarixi abidələrimiz kimi, buradakı Cümə məscidi də yandırılıb və ciddi dağıntılara məruz qalıb. Bu vandalizm aktı UNESCO-nun 1954-cü ildə qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni mülkiyyətin müdafiəsi haqqında” Haaqa Konvensiyasının Ermənistan Respublikası tərəfindən pozulduğunu bir daha nümayiş etdirir.