Şanlı Ordumuzun bizi uzun illərdir arzusunda olduğumuz qələbəyə apardığı bu tarixi günlərdə hərə öz hissini bir cür ifadə edir.
Doğma yurdlarına dönəcəyi zaman üçün səbirsizlənən soydaşlarımız üçün isə bu hislərin ifadəsi bir başqadır: kimisi qalıqları qalan evlərinin daşlarına sarılacağını deyir, kimisi yal-yamaclara boylanacağının, kimisi də diş sızıldadan buz bulaqlardan su içib yorulub əldən düşənədək azadə elləri dolaşacağının xəyalını qurur. Bunlar, təbii ki, izah olunmaz dərəcədə gözəl hisslərdir. Müzəffər Ordumuzun işğaldan azad etdiyi Cəbrayıl rayon mərkəzi və rayonun bir qisim kəndlərinin hazırkı vəziyyəti ilə bağlı yayılan videomateriallar, fotoşəkillər mənfur düşmənin talan etdiyi tarixi abidələrimizi, mədəniyyət obyektlərimizi də yenidən yaddaşımızda canlandırır.
Araz axar lil ilə...
Cəbrayıl rayonu Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Tarixi irsi zəngin olan rayonun abidələri içərisində Xudafərin körpüləri özünün unikal memarlıq-mühəndis həllinə görə xüsusilə məşhurdur.
Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalıb. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynayıb. Körpülərin böyüyü 15 aşırımlı olub memarlıq üslubuna görə XII əsrin abidəsi sayılır. Qumlaq kəndində olan bu abidənin təməli daha qədimlərdə qoyulub.
Körpü tağlarının dayaqları təbii özüllər — sudan çıxan qayalar üstündə ucaldığından onun aşırımları müxtəlifölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilən on beş aşırımlı körpünün tağları sivri biçimlidir. Körpünün ümumi uzunluğu 200 metrə yaxın, eni 4,5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metr, ən iri tağ aşırımı 5,8 metrdir. Körpünün bütün tağları kərpicdən qurulduğu halda, əsas inşaat kütləsi çay daşındandır. Bu iki materialın uyarlığı körpüyə dözümlü konstruktiv quruluş və bədii görkəm verir. Bu günlərdə çəkilib internetdə yayımlanan videomateriallardan da göründüyü kimi, körpü öz mövcudluğunu qorumaqdadır.
Diridağın Qız qalası
Haqqında daim maraqlı əfsanə və rəvayətlər dolaşan qalalardan biri də Cəbrayıl rayonu ərazisindəki Qız qalası olub. Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Diridağda yerləşən bu qala XII-XIV əsrə aid edilir. Təəssüf ki, erməni vandalizminə məruz qalmış bu qala da dağılmış vəziyyətdədir. Ümumilikdə dövrünün yetkin memarlıq cəhətlərinə malik tikilinin divarlarının uzunluğu təxminən 50 metr, hündürlüyü isə 13 metr olub.
Türbələrdən məscidlərədək
Cəbrayıl rayonu tarixi memarlıq nümunələri və dini abidələrlə də zəngindir. Bu abidələr sırasında Sultan Məcid hamamını, Xubyarlı kəndindəki “Dairəvi” və səkkizguşəli türbələri (XIX əsr), Dağtumas kəndindəki XIII-XVI əsrlərə aid türbəni, Şıxlar kəndində yerləşən Şıxbaba türbəsi (XIV əsr) və s. qeyd etmək olar.
Rayon ərazisində qədim arxeoloji abidələr də mövcud olmuşdur. Dağtumas kəndi yaxınlığındakı “Divlər sarayı”, Mahmudlu kəndi yaxınlığındakı “Canqulu” və “Qumtəpə” kurqanları, Tatar kəndi yaxınlığındakı siklop tikililəri, Cəbrayıl şəhəri yaxınlığındakı “Ağoğlan”, Dağtumas kəndi yaxınlığındakı “Tumas ata” buna nümunədir.
Rayonun dini abidələri içərisində Hacı Qaraman ziyarətgahı xüsusilə məşhur olub. Çələbilər kəndində yerləşən XVII əsrə aid məscid-mədrəsə Məhəmməd İbn Hacı Qaraman Əhmədli tərəfindən tikilib. Dini və dünyəvi elmlərin tədris edildiyi bu məscid-mədrəsədə din xadimləri, alimlər dərs deyiblər. XVIII əsrin məşhur Azərbaycan klassik şairi Molla Vəli Vidadi də bu mədrəsədə dərs deyib. Məscid kompleksi ərazisində xüsusi otaqlar, hücrələr olub ki, bu hücrələrdə şagirdlərə dərs verilib.
1993-cü ildə Ermənistan tərəfindən Cəbrayıl rayonunun işğalına qədər bu məscid-mədrəsə kompleksi yüksək səviyyədə bərpa olunmuş, ilkin formasına gətirilmişdi. İşğal zamanı dağıdılmış tikili yerli əhalinin ziyarətgah ünvanı olub.
Xubyarlı kəndində memarlıq üslubuna görə seçilən XV əsrə aid “Dairəvi” türbə, XVI əsrə aid 8 guşəli türbə də rayonun işğalından əvvəl tam bərpa olunsa da, bu tikililər də düşmənin vandalizminə məruz qalıb.
Cəbrayıl rayonunun Dağtumas kəndində yerləşən XIII-XIV əsrlərə aid edilən günbəzin üstü açıq olduğuna görə “Başıkəsik günbəz” adlanırdı. Abidənin hündürlüyü 12 metrə, diametri 5 metrə çatırdı. İşğaldan qabaq bərpa edilsə də, erməni silahlı qüvvələri tərəfindən tikilinin divarları bir neçə yerdən dağıdılıb.
Viran edilən muzeylər
Erməni işğalı nəticəsində Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyi də dağıdılıb. 1980-ci il dekabrın 8-də yaradılan muzeydə 19 minə yaxın eksponat toplanmışdı. İşğal zamanı onların 16 minə yaxınını xilas etmək mümkün olub.
Cəbrayılda anadan olan Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovun xatirə muzeyi də həmin acı taleyi yaşayıb. Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış Xatirə Muzeyinin binası rayon mərkəzində Cəmil Əhmədovun adına orta məktəbin həyətində tikilmişdi. Ümumi sahəsi 100 kvadratmetr olan muzeydə C.Əhmədovun büstü də daxil olmaqla 1000-dən artıq eksponat mövcud olub. İşğal zamanı yalnız bir qismi xilas edilən eksponatlar hazırda İstiqlal Muzeyində qapalı şəraitdə saxlanılır və öz doğma, əsl ünvanına qayıdacağı günü gözləyir...
Hazırladı: Həmidə NİZAMİQIZI