Bu gün Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini yazır. Qəhrəman Silahlı Qüvvələrimiz uzun illərdir Ermənistanın işğalı altında olan Azərbaycanın qədim şeir-sənət beşiyi Qarabağı azad edir. Yağı tapdağından qurtarılan yaşayış məntəqələrimizdə artıq üçrəngli bayrağımız dalğalanır.

Ölkəmizin hər yerində xalqımıza bu qüruru yaşadan müzəffər Ordumuza dəstək aksiyaları təşkil olunur, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edilir. Respublikanın mədəniyyət ocaqları da bu kompaniyada fəallıq göstərir.

Sumqayıt Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi adından Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna ianə edilib. “Biz yaradıcı kollektiv olaraq hər zaman Ali Baş Komandanın, qəhrəman əsgərlərimizin yanındayıq. Bu kiçik  köməyimizlə bildirmək istəyirik ki, ürəyimiz zəfər yürüşünə çıxmış əsgər və zabitlərimizlə birgə döyünür”, – deyə teatrın mətbuat xidmətindən bildirilib.