Azərbaycan
17 oktyabr 1905 – Yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905-1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. İtaliyada vəfat edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir.
17 oktyabr 1915 – Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915-1997) Şuşada doğulub. Müharibə illərində (1941-1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.
17 oktyabr 1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 - 17.2.1998) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
17 oktyabr 1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 – 7.1.1999) anadan olub. “Güllələr dənizdə sönür”, “Qızıl yəhərli at” və s. kitabların, “Vulkana doğru” filminin ssenari müəllifidir.
17 oktyabr 1949 – Tanınmış dilçi alim, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (1949 – 22.7.2016) Bakıda anadan olub.
17 oktyabr 2003 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 – 2003) vəfat edib. Bir çox şeirlərinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.
18 oktyabr 1926 – Teatr rejissoru, pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadə (1926-1996) Şuşada anadan olub. Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü” və s.) çəkilib.
18 oktyabr 1949 – Tanınmış rejissor, aktyor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu (Həsənov; 1949 – 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildə Yuğ teatrını yaradıb. Filmlərdə çəkilib: “Qəm pəncərəsi”, “Otel otağı” və s.
19 oktyabr 1898 – Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.
19 oktyabr 1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.
19 oktyabr 1972 – Opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib.
20 oktyabr 1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906-1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.
20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
20 oktyabr 1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə; 1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belorus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tiflisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.
20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.
20 oktyabr 1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.
Dünya
17 oktyabr 1849 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Fryderyk Chopin; 22.2.1810 – 1849) vəfat edib. Vals, noktürn, ballada, sonata və digər janrlarda əsərlərin müəllifidir.
18 oktyabr 1859 – Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson; 1859-1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
19 oktyabr 1899 – Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (Miguel Angel Asturias; 1899-1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.
20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854-1891) anadan olub.
20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919-2005) anadan olub.
Hazırladı: Vüqar ORXAN