Azərbaycanın Özbəkistandakı səfirliyində “Ermənistanın işğalına son, Gəncənin, şəhər və kəndlərimizin raket atəşinə tutulmasını, dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!” devizləri altında etiraz aksiyası keçirilib.

Aksiyada Özbəkistan Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi departamentinin şöbə müdiri Fatulla Abduraxmanov, Türkiyənin, Pakistanın və Əfqanıstanın Özbəkistandakı səfirləri Mehmet Surayya Er, Sayid Ali Asad Gilani və Əhməd Xamid Elmi, özbək ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Soydaşlarımız Gəncə şəhərində mülki əhaliyə qarşı raket hücumu zamanı öldürülən və yaralanan uşaqların və digər vətəndaşlarımızın fotolarının yer aldığı guşənin önünə gül-çiçək, uşaq oyuncaqları qoyublar. Aksiya iştirakçıları Azərbaycan və özbək dillərində “Erməni işğalına son!”, “Gəncədə dinc sakinlərin qətlə yetirilməsini pisləyirik!”, “Gəncədə uşaqların ölümünü qınayırıq!” yazılmış plakatlar qaldırıblar.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bildirib ki, oktyabrın 10-da və 17-də gecə saatlarında işğalçı Ermənistan atəşkəs rejimini kobud şəkildə pozaraq müharibə zonasından xeyli uzaqda olan Azərbaycanın qədim Gəncə şəhərini ballistik raket hücumuna məruz qoyub. Diplomat vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Gəncədən başqa Mingəçevir şəhərini, həmçinin Bərdə, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy rayonlarını da raket atəşinə tutur, dinc əhali arasında ölənlər və yaralananlar var. Bu təxribatlarla Ermənistan 1949-cu il Cenevrə Konvensiyasının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərini və beynəlxalq hüququn qəbul edilmiş ümumi normalarını kobud şəkildə pozub və buna beynəlxalq birlik tərəfindən düzgün qiymət verilməlidir.

Türkiyənin Daşkənddəki səfiri Mehmet Surayya Ermənistan rəhbərliyinin təxribatçı addımlarından, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə və digər şəhər və rayonlarına raket hücumları həyata keçirməsindən, günahsız mülki insanların həlak olmasından danışıb, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda apardığı haqq işindən söhbət açıb. Səfir deyib ki, Türkiyə Azərbaycanın haqq müharibəsinə siyasi dəstək verib, bundan sonra da bu dəstək davam edəcək.

Pakistan səfiri Sayid Ali Asad Gilani və Əfqanıstan səfiri Əhməd Xamid Elmi işğalçı ölkənin Azərbaycana təcavüzünü pisləyib, mülki insanları hədəfə alan Ermənistanın buna cavab verməli olduğunu vurğulayıblar.