27 illik həsrətin bitdiyi bu yurd yerimizin də zəngin tarixi-mədəni irsi var

Zəngilan mənfur ermənilərin işğala məruz qoyduqları sonuncu rayonumuz idi. Qəribədir, xalqın “Söz vaxtına çəkər” deyimi burada lap yerinə düşdü. 1993-cü ilin elə bu vədələri - oktyabr ayı idi.

Qızılı payız o yerlərə boranlı qış sorağı ilə gəlmişdi. Hər gün işğal, ölüm-itim xəbərləri ilə doğma yurdunda qorxu, həyəcan içində yaşayan zəngilanlıların müqavimətinə baxmayaraq, nəhayət, oktyabrın 29-da rayon erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Beləcə, bu səfalı rayon da öz sakinlərinin əl-ayaq izinə, hənirinə həsrət qalmışdı...

Talenin işinə, rəşadətli Ordumuzun şücaətinə bax ki, biz uzun illərdən sonra yenidən, bir-bir itirilmiş torpaqlarımızın azad edilməsini bayram edirik. Şükür olsun ki, Zəngilan adlı həsrətimizə də qovuşduq...

 

Tarix

 

Rayon kimi 1930-cu ildə təşkil olunan Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab edilir. Bölgədə mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) ərazidə ibtidai insanların yaşayışından xəbər verir.

Hələ XIX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni inzibati ərazi bölgüsü aparıldı. Bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunmuşdu. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ərazilərini genişləndirməyə çalışan ermənilərə böyük bəxşiş edildi. Rusiyanın təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirildi. Nəticədə qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qaldı.

1967-ci ildə Zəngilana şəhər statusu verilib. Həmin vaxt Zəngilan rayonunun bir şəhəri, 5 qəsəbəsi və 79 kənd vardı.

 

Sufilər oylağı

 

Zəngilan rayonu Azərbaycanın özünəməxsus tarixi keçmişə malik bölgələrindəndir. Rayon ərazisindən axan Həkəri çayının hövzəsində özünün tarixi ornamenti ilə seçilən onlarla türbə vardı. Bunlardan Zəngilan rayonunun Məmmədbəyli kəndində yerləşən səkkizguşəli Xacə Yəhya ibn Məhəmməd türbəsi (1304-1305) öz memarlıq-konstruktiv formasına görə seçilirdi. Türbənin ətrafında Orta əsr qəbiristanlığı yerləşirdi. Türbədən bir qədər aralıda isə Şeyxzadə Şeyx Abd as-Salam ibn Şeyx Qiyasəddinin (XIV əsr) məzarı, ətrafında isə şeyxin davamçılarının pərakəndə şəkildə başdaşıları yerləşirdi. Yazıların poliqrafik xüsusiyyətlərinə, bədii tərtibatına görə Şıxbaba Qədiriyyə sufi xanəgahının fəaliyyət dövrünü XIII-XIV əsrlərə aid edirlər. Bu ərazilərdə həmin dövrə aid sənduqə, başdaşı formalı, qoç, at heykəlli qəbir daşları ərəb, fars və Azərbaycan dillində yazılarla xalqımızın həyat və məişətini əks etdirir. Bu tarix yadigarları Azərbaycanın tarixinə, toponimikasına, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, ölkəmizin Orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.

Məmmədbəyli kəndindəki səkkizbucaqlı şəklində yuxarısı piramidalı günbəzlə tamamlanan bu türbənin divarları xaricdən və daxildən yonulmuş daşla çox səliqəli formada üzlənib. Sərdabə hissəsi içəridən kvadrat planda tikilən abidənin giriş qapısının üstündə nəsx xətti ilə yazılmış ərəbcə kitabə də vardı. Kitabədəki mətndə tikilinin Yəhya ibn Məhəmməd əl-Həcc Seyid Əlinin türbəsi olduğu qeyd edilir.

 

Şəhri-Şərifana tərəf

 

 XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-637-ci illərdə qoyulub. Deməli, Zəngilanın təqribən 1400 ilə yaxın yaşı var.

Rayon ərazisində Xudafərin suqovşağının yaradılması ilə əlaqədar olaraq, burada 1974-cü və 1979-cu illərdə arxeoloji qazıntı işləri aparılıb. Məlum olub ki, ərazi memarlıq abidələri ilə zəngindir. Bunlardan biri Şərifan kəndində yerləşən Şəhri-Şərifan (və ya Şəriban, Şabran) abidəsidir. Bu abidənin böyük bir hissəsini Həkəri çayı yuyub aparıb.

Tədqiqat materiallarında şəhər qalığının 9 hektara yaxın sahəni əhatə etdiyi qeyd olunur. Təbii-coğrafi və strateji baxımdan əlverişli mövqedə yerləşən, qərbdən dağ silsiləsi, şərqdən Həkəri çayının sıldırım sahili ilə əhatə olunmuş şəhər qalıqlarının yaxınlığında iki qəbiristanlıq da müəyyən edilib. Onlardan biri şəhərin varlı əhalisinə məxsus sərdabə tipli qəbirlərdən ibarətdir. Onlar ağ daşla inşa edilib, əksər hallarda qapı üstü və ya mehrabvarı hissədə həndəsi formada naxışlanıb. İkinci qəbiristanlıq isə şəhərin cənub-qərbində, üstü dirəklərlə örtülən qəbirlərdən ibarət olub.

Şərifanda aparılan qazıntılar zamanı xeyli miqdarda maddi mədəniyyət qalıqları da aşkar edilib. Arxeoloji materiallara əsasən, şəhərtipli yaşayış məskəni hesab edilən Şərifan XIV əsrdə salınıb və XVII əsrə kimi burada intensiv yaşayış olub. Bunu isbat edən mənbələr kimi tarixi memarlıq abidələrini – küp qəbirləri (b.e.ə. IV-II əsrlər – Yeməzli kəndi), Koroğlu daşını (VII-VIII əsrlər – Ağ oyuq düzü), Bartaz Qız qalasını (XIV əsr – Bartaz kəndi) xüsusilə göstərmək olar. Qeyd edək ki, Yeməzli və Bartaz kəndlərində qədim alban kilsələri də mövcud olub.

 

Yağının dağıtdığı abidələr

 

Erməni vandallarının işğal siyasətinin əsas məqsədlərindən biri də əzəli torpaqlarımızdakı tarixi-mədəniyyət, dini abidələrimizi dağıtmaq idi ki, bu iyrənc niyyətlərini də qısa zamanda reallaşdırdılar. Onlar İslam memarlığına məxsus tikililəri – türbə və məscidləri viran qoydular. Bu terrordan özünəməxsus memarlıq həlli olan məscidləri ilə tanınan Zəngilan da öz nəsibini aldı və bizə sadəcə tarixi faktların susqun statistikası qaldı...

Zəngilan şəhərində yerləşən İslam memarlığı nümunələrindən biri İmam Hüseyn məscidi idi. Məscidin Səfəvilər dövründə (XVII-XVIII əsrlər) tikilməsi ehtimal olunur. 12 x 20 metr ölçülü məscidin inşasında əsasən yerli əhəngdaşından istifadə edilib. Bu məsciddən əlavə 5 yerli əhəmiyyətli dini tikili də erməni barbarlığının qurbanı olub.

Rayon ərazisində ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrindən Dairəvi qüllə (Hacıalılar kəndi), Qız qalası (Əmirxanlı kəndi), Yenikənd və Şərifan kəndlərindəki iki Orta əsr sərdabəsi, eləcə də yerli əhəmiyyətli qəsr və qalalar da erməni vandalları tərəfindən dağıdılıb.

Hazırladı: Həmidə NİZAMİQIZI