Ölkəmizin tarixində yeni mühüm səhifə yazılır: Qarabağ uğrunda xalqımızın mübarizə və həmrəylik tarixi! Bu tarixi yazanlar haqqında hekayələrin sənədləşdirilməsi, xüsusilə də bu hekayələrin insanların öz şəxsi təcrübə və təəssüratları ilə çatdırılması vacibdir. ADA Universiteti də bu günlər “ADA Tarix Yazır” təşəbbüsünü irəli sürərək, tələbə, müəllim və bütün işçi heyətini hekayələri ilə bu tarixə töhfə verməyə çağırır.
ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal bildirib ki, layihənin məqsədi bugünkü tariximizi gələcək nəsillərə və dünyaya yaddaşlarda qalan hekayələrlə çatdırmaqdır. Layihənin praktiki əhəmiyyətindən biri də odur ki, bu təşəbbüs tədris prosesini daha maraqlı etməklə gənclərdə vətənpərvərlik ruhunu gücləndirməyə imkan yaradır. Layihədə iştirak edənlərə ideyalarını formalaşdırmaq və yazı bacarıqlarını təkmilləşdirmək üçün onlayn seminarlar təşkil olunur. Seminarlardan ilki ABŞ-da nəşr edilən “Azerbaijan İnternational” jurnalının redaktoru Betti Bleyr tərəfindən keçirilib.
Layihəyə qoşulmaq istəyənlər yazıları ingilis və ya Azərbaycan dilində, ad və soyadı qeyd edilməklə noyabr ayının 17-dək adawriteshistory@ada.edu.az ünvanına göndərə bilərlər. Ətraflı məlumatı https://bit.ly/37ognAK linkindən öyrənmək olar.