Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, işğalçılar tərəfindən saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan mədəni irsimizlə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Layihə çərçivəsində təqdim olunan materialların növbəti qismini diqqətə çatdırırıq.

 

Şuşa qalası

 

Şuşa qalası Azərbaycanın qədim tarix və  mədəniyyət mərkəzi Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq 1753-cü ildə tarixi Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və xanlığın mərkəzi bura köçürülür.

Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü də Qala körpüsü kimi tanınır.

 

Köçərli məscidi (Şuşa)

 

Köçərli məscidi Şuşa şəhərində yerləşən XIX əsrə aid memarlıq abidəsidir. Bəhmən Mirzənin saray kompleksinə aid olan tarixi məscid XIX əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi.

Məscid 1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra vandallar tərəfindən yandırılıb və dağıdılıb.

 

Məmər məscidi və Gürcülü türbəsi (Qubadlı)

 

Qubadlı rayonunun Məmər kəndindəki məscid ХVIII əsrdə inşa edilib. 1993-cü ilin avqustunda Qubadlı rayonu Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra məscid tamamilə dağıdılıb.

Qubadlı rayonunda uzun illər işğal altında qalmış mədəni irs nümunələrindən biri də Gürcülü türbəsidir. Gürcülü kəndi ərazisindəki türbə XVIII əsrə aid tarixi-memarlıq abidəsidir.

Bu günlərdə müzəffər Azərbaycan Ordusu tərəfindən Qubadlının işğaldan azad edilməsindən sonra bu rayondakı tarixi-mədəni irs nümunələrinin tarixində yeni səhifə açılır.

 

Xudafərin körpüləri (Cəbrayıl)

 

Cəbrayıl rayonunun ərazisində Araz çayının şimal və cənub sahillərini birləşdirən Xudafərin körpüləri həm də tariximizin simvolik abidələridir. 11 tağlı körpü XI-XII əsrlərdə, 15 tağlı körpü isə XIII əsrdə inşa olunub. Xudafərin körpüləri Azərbaycan memarlarının müstəsna mühəndislik bacarığının ən gözəl nümunələrindən sayılır.

On bir tağlı körpünün uzunluğu 130 metrə yaxın, eni 6 metrdir. Hazırda üç orta tağı salamat qalıb. On beş tağlı Xudafərin körpüsünün tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlifölçülü və sərbəst düzümlüdür. Bişmiş kərpic və çay daşlarından tikilmiş körpünün uzunluğu 200 metrə yaxın, eni 4, 5 metr, çay səviyyəsindən ən böyük hündürlüyü 12 metrdir.

1993-cü ilin oktyabrından Ermənistanın işğalı altında qalan Xudafərin körpüləri 27 il sonra azad edildi, oktyabrın 18-də körpü üzərinə Azərbaycan bayrağı sancıldı.

 

Şahbulaq qalası (Ağdam)

 

Şahbulaq qalası (qəsri) Ağdam şəhəri yaxınlığında 1750-1752-ci illərdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunub.

Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işg­̆alından sonra Şahbulaq qalası erməniləşdirilməyə məruz qalan abidələrimizdən biridir. Son dövrlərdə qala kilsə kimi istifadə edilib.