Bu gün ölkəmizin haqq mübarizəsini dünyaya daha güclü səslə çatdırmağa borcluyuq
Heç kimə sirr deyil ki, bu gün ən operativ kütləvi informasiya vasitələrinin, elektron informasiya resurslarının da işi çətinləşib. Artıq əlində bir smartfonu olan şəxs elə xəbər daşıyan və yayandır. Təbii, o xəbərin operativliyi onun təqdimat keyfiyyəti, üslub və peşəkarlıq məqamlarını arxa plana keçirir. Bu məqam son günlər şahidi və birbaşa iştirakçısı olduğumuz Vətən müharibəmizdə, sentyabrın 27-dən işğal altındakı torpaqlarımızın azad olunması uğrunda apardığımız haqq savaşımızda da gündəmə gəldi.
Bu gün informasiya cəmiyyətində, bütün dünyada təbliğat-təşviqat kampaniyalarının sosial şəbəkələr üzərindən aparıldığı məqamda, əlində silah ön cəbhədə vuruşan əsgərlə yanaşı həm də haqq səsimizi duyuran insanlar olmalıdır. Napoleon Bonapartın təbirincə desək, “Bütün müharibələrdə qılınc ruhla qarşı-qarşıya gəlir və hər zaman ruh qalib gəlir”. Biz haqq tərəfdəyik. Odur ki, bütün dünya bizə qarşı birləşsə də, ruhumuzu diri tutduğumuz halda qalib tərəf biz olacağıq. Həm də o yüksək ruhu əzmimizə qatıb arxa cəbhələrdə də səfərbər etdikdə. Özü də bu səfərbərliyi üç vacib istiqamətdə – dövlət rəsmiləri, sadə vətəndaşlar, populyar dünya və yerli sənət adamları – tənzimlədikdə.
Doğru yol, doğru dil
Dövlət səviyyəsində, müvafiq qurumlar tərəfindən dünyada bu haqq işimizlə bağlı çoxşaxəli və təsirli informasiya mühiti yaradılıb. Artıq ikili standartlarından əziyyət çəkdiyimiz dünya gücləri haqq səsimizə, az da olsa, qulaq verə bilir. Deməli, biz doğru yolda olduğumuzu artıq doğru dildə anlada bilmişik. Amma bu məqamda xüsusilə hər şeyi dövlətdən gözləmək, onun apardığı informasiya mübarizəsinə seyrçi qalmaq insafdan deyil. Təbii ki, söhbət həqiqi, sağlam və əsas amalımıza uyğun təbliğatdan gedir. Birmənalı şəkildə hər bizimiz bunu anlamalıyıq ki, bu gün hər birimiz əsgər, hər birimiz döyüşçüyük. Azərbaycan bu günlər informasiya müharibəsində də Ermənistana qalib gəlir. Bu, sevindirici cəhətdir. Halbuki birinci Qarabağ müharibəsi dönəmində Azərbaycan bu sahədə tək qalmış, haqq səsini dünyaya çatdırmaqda xeyli problemlə üzləşmişdi.
Əslində, bu sahədə nailiyyətimiz təsadüfi deyil. Belə məsələdə təsadüf olmur. Hər bir ölkənin informasiya siyasəti ölkələrlə yaradılan münasibətlərdən asılıdır. Azərbaycan bu illər ərzində təkcə hərbi imkanlarını gücləndirməyib, arsenalını zənginləşdirməyib, eyni zamanda informasiya siyasətini də diqqətdə saxlayıb. Çünki bilirdik ki, yaxın gələcəkdə torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlar başlananda beynəlxalq aləmə obyektiv və operativ informasiya vermək zərurətə çevriləcək. Bəzi ikili siyasət aparan ölkələrin basqısını dəf etmək üçün bu, çox əhəmiyyətlidir. Bunu həmçinin mənfur düşmənin Gəncə şəhərinə raket hücumu zamanı xarici media nümayəndələrinin erməni vəhşiliyi ilə yerində tanış olması işinin peşəkarlıqla təşkil edilməsində gördük. Türkiyənin media orqanları, habelə “Euronews” və BBC kimi dünyanın məşhur telekanallarının hadisə yerindən reportajları erməni faşizminin miqyasını beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Sevindirici haldır ki, artıq dünyanın aparıcı KİV-ləri xəbər yayarkən əsasən Azərbaycanın rəsmi mənbələrinə istinad edir.
Vətəndaşlarımız da virtual məkanda düşmənə tutarlı cavab verməklə Qarabağ həqiqətlərini beynəlxalq aləmə çatdırır, Ermənistanın uydurma yalanlarını, “fake” xəbərlərini ifşa edir. Sosial şəbəkələrdə Ermənistanın rəsmi qurumlarının yalanları tutarlı faktlarla cavablandırılır. Vəziyyət artıq xeyrimizə dəyişib. Çoxları elə bilirdi ki, yenə haylar hay-küy qoparacaq, haqlılar da susacaq. Bu dəfə onlar deyən olmadı, artıq həqiqətin qanadları daha geniş açılıb.
Mövqeyi bəllilər və susqun tanışlar
Təbliğat missiyasında sənət adamlarının mövqe və mübarizə forması üzərində isə xüsusilə dayanmaq lazımdır. Çünki belə məqamlarda dostu da, düşməni də bəlli etmək olur. Hazırda özünü düşmən mövqeyə sırıyan və cılız niyyətini çox eybəcər formada ortaya qoyanlar da çoxdur. Sosial şəbəkə istifadəçiləri onları lazımi səviyyədə “oflayn” etməklə cəzalandırırlar.
Gələk haqq səsimizə qoşulanların təəssübünə. Cəbhədəki qızğın döyüşlər zamanı ingilisdilli və rusdilli media hesabları və populyar profillərdə paylaşımlar daha çox diqqət çəkir. Bu zaman müxtəlif ölkələrdəki soydaşlarımızın yanğı ilə onlara cavab verməsi hamımızın ürəyincədir. Xüsusən Türkiyədə pedaqoji və yaradıcı fəaliyyətlə məşğul olan Xalq artisti Cahangir Novruzovun, Xalq artistləri Azərinin, Əlixan Səmədovun, Avstriyada yaşayan Xalq artisti Yusif Eyvazovun, Şimali Kiprdə yaşayıb-yaradan Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin, Amerikada yaşayan Əməkdar artistimiz Emil Əfrasiyabın və adını qeyd etmədiyim onlarla həmyerlimiz ana Vətənin haqlı mübarizəsinin dəstəkçiləridir. ABŞ-da yaşayan türkiyəli Nobel mükafatçısı Əziz Sancar, Böyük Britaniyada yaşayan məşhur azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf, Türkiyədən müğənnilər Tarkan, Sərdar Ortac, aktyor Tamer Qaradağlı və digər məşhur sənət adamları da haqq səsimizi milyonlarla izləyiciləri olan sosial şəbəkə hesablarından nümayiş etdirməyə çalışırlar.
Vaxtilə Azərbaycanda yaşamış və hazırda yaşayan tanınmış yəhudi və rus rejissorlar, aktyorlar, vokalçılar, rəssamlar da Azərbaycanın səsini sosial şəbəkələrdən pərəstişkarlarına eşitdirməyə çalışırlar. Ukrayna, Belarus, Moldova və Gürcüstandan olan bir sıra populyar insanlar da bu mücadilədə yanımızdadır. Milyonçu Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan kötücəsi Alban Klodu, müğənni Yaqub Zurufçunu, Azərbaycanı ikinci vətəni hesab edən bolqar teatr rejissoru Xristo Stoyçevi, qonşumuz Gürcüstanın teatr təmsilçilərini də unuda bilmərik.
Bütün bunlar öz yerində. Amma bir də illərdir sosial-mədəni layihələr, irimiqyaslı idman yarışları, mədəniyyət proqramları çərçivəsində ölkəmizə dəvət olunan və yüksək miqdarda qonorar alanlar var. Daha doğrusu, onların bir qisminin bizi qəzəbləndirən susqunluğu və ya qeyri-obyektiv münasibəti var ki, bu barədə düşünməyə dəyər...
Həmidə NİZAMİQIZI