İsveçdəki Azərbaycan diasporu Ermənistanın Azərbaycanın şəhər və kəndlərinə qarşı edilən hücumlar barədə yerli ictimaiyyəti məlumatlandırmaq üçün Stokholmda səssiz aksiya keçirib.
Həmvətənlərimiz Stokholmun mərkəzindəki Sergel meydanından Azərbaycanın İsveç Krallığındakı səfirliyinin qarşısına kimi səssiz yürüşlə keçərək, yerli insanların diqqətini Ermənistan ordusunun Azərbaycanın bir sıra şəhər və rayonlarını raket atəşinə tutması nəticəsində mülki şəxslərin və günahsız körpələrin həlak olmasına cəlb ediblər.
Yürüş iştirakçıları əllərində “Qarabağ Azərbaycandır!”, “Gəncə şəhəri üçün dua et!”, “Erməni terroruna son!” kimi şüarlar yazılan plakatlar qaldıraraq baş verənlərə dünya ictimaiyyətinin diqqət yetirməsini tələb ediblər.
Sonra Azərbaycanın İsveçdəki səfirliyi qarşısına gələn aksiyaçılar səfirliyin qarşısında Gəncə hücumunda həlak olanların xatirəsinə güllər və oyuncaqlar düzüblər. Diaspor nümayəndələrimiz burada yerli insanları maraqlandıran sualları da cavablandırıb.