Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişli idi. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi.

Prezident İlham Əliyev bu sözləri oktyabrın 28-də Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində bildirib.

Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərinin, Xocavənd rayonunun bir hissəsinin işğaldan azad edildiyini deyən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Ordusunun uğurla irəliləməsi davam edir: “Bu ay ərzində mən Azərbaycan xalqına müraciətlərimdə, habelə çoxsaylı müsahibələrimdə dəfələrlə demişəm ki, biz istənilən anda, günü bu gün dayanmağa hazırıq. Lakin bunun üçün erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürməlidir. Buna görə də hərbi qarşıdurmanın nə qədər uzun müddət davam edəcəyini qabaqcadan deyə bilmərəm. Bu, erməni tərəfindən asılıdır. Artıq dediyim kimi, onların bizim torpaqlarımızı yenidən işğal altına qaytarmaq üçün göstərdiyi daimi cəhdlər fiaskoya uğrayıb”.

“Biz Ermənistan tərəfindən onların yüksək rəhbərliyinin şəxsində öhdəlik almalıyıq ki, qoşunları işğal olunmuş ərazilərdən çıxaracaqlar. Hələlik biz bunu eşitməmişik. Erməni rəhbərliyindən bu cür öhdəlik alınandan və bu, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təsdiq ediləndən dərhal sonra biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Bu şərtlə ki, erməni tərəfi də onları dayandırsın. Çünki atəşkəs üç dəfə pozulub və hər üçü erməni tərəfin təqsiri üzündən baş verib”, – deyə dövlət başçısı vurğulayıb.

Prezident bildirib ki, erməni tərəfi indiyə qədər işğal altında saxladıqları ərazilərdən çıxacaqları barədə öhdəlik götürməlidir: “Buraya Ağdam rayonunun bir hissəsi, Laçın rayonu bütünlüklə və Kəlbəcər rayonunun bir hissəsi daxildir. Təbii ki, o halda biz siyasi nizamlamaya keçməyə hazırıq. Azərbaycanlılar təkcə Dağlıq Qarabağın hüdudlarından kənarda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar – ilk növbədə, Şuşaya, Xankəndiyə...”.

Dağlıq Qarabağda azərbaycanlı və erməni əhalinin yanaşı yaşaması barədə suala cavabında Prezident deyib: “Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini biz hamımız bilirik. Lakin iş belə gətirib. Onlar 200 ildir orada yaşayırlar... Qonşu ölkələrdə ermənilər və azərbaycanlılar birgə yaşayır və öz aralarında yaxşı dolanırlar. Bu, Dağlıq Qarabağda niyə mümkün olmasın? Bizim təsəvvürümüz belədir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar”.