Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

Bu sözlər Prezident İlham Əliyevin 29 Oktyabr – Cümhuriyyət Günü münasibətilə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana göndərdiyi təbrik məktubunda yer alıb. “Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəmiz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir”, – deyə məktubda vurğulanır.

Qeyd olunur ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Türkiyənin ortaya qoyduğu qəti və birmənalı mövqe, haqq işimizə verdiyi tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

“Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir. Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”, – deyə məktubda bildirilir.