Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb.

Bəyanatda oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması nəticəsində 20 mülki şəxsin həlak olduğu, 70-dən çox insanın ağır yaralandığı diqqətə çatdırılır.

“Sivil insanları hədəf alaraq, onlara ağır artilleriyadan atəş açılması, yalnız Azərbaycan xalqına deyil, ümumilikdə bütün bəşəriyyətə qarşı böyük təhlükə və cinayətdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın mülki əhalisinə qarşı yönələn bu hücumları kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları və dünya ictimaiyyətini günahsız insanların qətl edilməsinə səbəb olan bu alçaq siyasətə səssiz qalmamağa çağırır”, – deyə bəyanatda vurğulanır.

***

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda son zamanlar Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüquqa və Cenevrə konvensiyalarının tələblərinə zidd olaraq Azərbaycan şəhərlərinə, mülki əhaliyə və ictimai obyektlərə hücumlarını qətiyyətlə pislədiyini, qardaş Azərbaycan xalqı ilə bu həlledici tarixi dönəmdə həmrəy olduğunu qeyd edib.

Məktubda vurğulanır ki, Türk Şurası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini və onlar üzərində suverenliyini tam şəkildə bərpa etmək üçün BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və beynəlxalq hüquqa əsaslanan haqlı mübarizəsini dəstəkləyir.