Kolumbiyanın “Extra Bogota” və “HSB Noticias” qəzetlərində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın terror siyasəti haqda müsahibəsi dərc olunub.

Səfir Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsinin tarixi, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr, ATƏT-in Minsk qrupu çərçivəsində aparılmış nəticəsiz danışıqlar, işğalçı dövlətin Azərbaycan ərazilərində apardığı məskunlaşdırma siyasəti, 27 sentyabr tarixindən etibarən ölkəmizə qarşı növbəti təcavüz cəhdi barədə məlumat verib.

Tərtər, Mingəçevir, Gəncə, Bərdə və digər şəhərlərimizə raket zərbələri endirilməsi nəticəsində çoxlu sayda mülki vətəndaşımızın həlak olmasından danışan diplomat Ermənistanın Azərbaycana qarşı dövlət səviyyəsində terror siyasəti yürütdüyünü vurğulayıb. Bildirib ki, regionda davamlı sülh və təhlükəsizliyin təmin edilməsinin formulu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən çıxarılmasıdır.

Səfir Azərbaycanın əlverişli coğrafi mövqeyi, Avropa və Şərq sivilizasiyalarının kəsişməsində yerləşməsi, mədəni müxtəlifliklə zəngin və fərqli etiqadlardan olan insanların sülh şəraitində birgə yaşadığı yer olması haqda məlumat verib.

Sonda Kolumbiya ilə ikitərəfli əlaqələrin inkişafına toxunan diplomat təhsil, mədəniyyət sahələrində əməkdaşlığın həyata keçirildiyini, habelə kənd təsərrüfatı, energetika, turizm sahələrində də əlaqələrin inkişafı üçün ciddi potensial olduğunu bildirib.