Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin Mərkəzi kitabxanası Uşaq şöbəsinin oxu zalında pandemiya şəraitinə uyğun olaraq ara məsafə saxlanılmaqla şairlərimizin Vətən haqqında şeirlərinin yer aldığı “Azərbaycan – dünyam mənim” kitabından bədii nümunələrin ucadan oxusu keçirilib.

Uşaq şöbəsinin müdiri Rübabə Hacıbəyova Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti barədə söz açıb. Sonra fəal oxuculardan Xanım Sultanova “Azərbaycan - dünyam mənim”, Mehrac Sultanov “Vətən”, Yusif Məmmədov “Ayağa dur, Azərbaycan!”, Məhəmməd Əliyev “Gərək bu günləri görəydin” şeirlərini söyləyiblər.

Regional idarənin tabeliyindəki Quba rayon Mərkəzi kitabxanasının oxu zalında Bəşir Səfəroğlu adına Mədəniyyət Mərkəzi ilə birgə “Gəncə terroru” adlı tədbir keçirilib. Qəhrəman şəhidlərimizin və erməni terroru qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MKS-nin direktoru Saməddin Nəsirov bildirib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını, 1949-cu il Cenevrə Konvensiyasının silahlı münaqişələr zamanı dinc insanların hədəfə alınmasının yolverilməzliyi barədə müddəalarını barbarcasına pozaraq, Azərbaycanın yaşayış məntəqələrini atəşə tuturlar.

Mədəniyyət mərkəzinin direktoru, İctimai TV-nin bölgə müxbiri Ramiz Ramazanlı qeyd edib ki, dünya birliyi ermənilərin müharibə cinayətlərinə göz yumur, dövlət səviyyəsində həyata keçirilən bu terrora birmənalı mövqe göstərmir.

***

Ağdaş Regional Mədəniyyət İdarəsi Ağdaş rayon Mərkəzi kitabxanasının oxu zalında pandemiya şəraitinə uyğun olaraq “Qarabağ Azərbaycandır! Zəfər bizimdir!” adlı dəyirmi masa keçirilib.

Ağdaş rayon MKS-nin direktoru Seyfəddin Feyzullayev qeyd edib ki, tale Azərbaycan xalqının qismətinə mənfur erməni təcavüzkarları ilə qonşu olmağı nəsib edib. 30 ilə yaxındır düşmən tapdağında qalan doğma torpaqlarımız Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə müzəffər Ordumuz tərəfindən kənd-kənd, şəhər-şəhər azad edilir.

MKS-nin direktor müavini Sevgili İbrahimova Azərbaycan əsgərinə həsr olunmuş “Salam, əsgər” şeirini söyləyib. Tədbirin sonunda “Qarabağ Azərbaycandır!” adlı sərgiyə baxış keçirilib.

***

Masallı Regional Mədəniyyət İdarəsi tərəfindən cəbhədə döyüşən qəhrəman hərbçilərimizə sovqat göndərilir, könüllü surətdə cəbhəyə yola düşmüş mədəniyyət işçilərinin ailəsi idarənin rəhbərliyi tərəfindən ziyarət edilir, onlara maddi yardım göstərilir. Bu məqsədlə hazırda döyüşlərdə iştirak edən əsgərlər – İbrahim Məmmədli, Mirəziz Hüseynov və digərlərinin Cəlilabad rayonunda yaşayan valideynləri ziyarət edilib. Valideynlərlə görüşdə idarə rəhbərliyi ilə yanaşı, Masallı və Cəlilabad rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları da iştirak ediblər. Mədəniyyət işçiləri Masallı rayonunun Ərkivan qəsəbə sakini, döyüşlərdə ağır yaralanmış Daməd İbrahimlini ziyarət edib, sağlamlığı və qayğıları ilə maraqlanıblar. 

Ziyarətlər zamanı mədəniyyət işçiləri valideynləri dəyanətli olmağa səsləyib, qəhrəman əsgər və zabitlərimizin şücaəti nəticəsində Ordumuzun zəfər qazanacağına, tezliklə övladlarına qovuşacaqlarına əmin olduqlarını ifadə ediblər.

N.MƏMMƏDLİ