Yaradıcı insanlar fərqli tale yaşayırlar. Onlar cismən bu dünyanı tərk etsələr də, yaratdıqları əsərlərlə sənət salnaməsində, xeyirxahlıqları ilə könüllərdə heykəlləşirlər. Tanınmış bəstəkar və musiqi təşkilatçısı, Əməkdar incəsənət xadimi Əfsər Cavanşirov da belə sənətkarlarımızdandır. Bu il mərhum musiqi xadiminin anadan olmasının 90 illiyi tamam olur.
Əfsər Bayram oğlu Cavanşirov 8 noyabr 1930-cu ildə Füzuli rayonunun Horadiz kəndində anadan olub. Erkən çağlardan musiqiyə maraq göstərir. 1948-ci ildə orta məktəbi, eyni zamanda 2 saylı Uşaq musiqi məktəbini tar ixtisası üzrə bitirir. İncəsənət yolunu seçən gənc Əfsər Bakı Musiqi Texnikumunda təhsilini davam etdirir. Bu təhsil ocağında tar ixtisası üzrə Əmirulla Məmmədbəyovdan, muğam ixtisası üzrə isə Əhməd Bakıxanovdan dərs alır. Həmçinin nəzəriyyədən professor Boris Zeydmanın sinfində oxuyur.
Əfsər Cavanşirov 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olur. Xalq artisti, professor Cövdət Hacıyevin sinfində bəstəkarlığın sirlərini öyrənir və musiqi əsərləri yazmağa başlayır. O, tələbə ikən iki simfonik poema, sonatina, simli kvartet, romanslar yazır. 1958-ci ildə ali təhsilini uğurla başa vurur və sərbəst yaradıcılıq yoluna qədəm qoyur. İrihəcmli, həm də miniatür janrlarda yaradıcılığını davam etdirir. Qısa vaxt ərzində “Ən əziz ad” vokal-simfonik poemasını, “Gəncliyin səsi” kantatasını ərsəyə gətirir. Əsərlər ifa olunduğu ilk vaxtdan musiqi ictimaiyyəti tərəfindən maraqla qarşılanır və musiqi fonduna daxil edilir. Tanınmış sənətkar sonrakı illərdə xalq çalğı alətləri orkestri üçün də bir sıra əsərlər yazır. Onun maraqlı əsərlərindən “Azərbaycan – Vətənim mənim” uvertürası da musiqi ictimaiyyətinin diqqətini cəlb edib.
Onu da qeyd edək ki, Əfsər Cavanşirovun yaradıcılığında simfonik əsərlər xüsusi yer tutur. Bəstəkar böyük simfonik orkestr üçün 7 simfoniya, pоеmalar, a kapеlla xoru və uşaq xoru üçün əsərlər yaradıb. Sənətkarın dillər əzbəri olan “Ağacdələn”, “Oyun-oyuncaqlarım”, “Quşlar” kimi uşaq mahnıları indi də öz təravətini saxlayır. Müəllifin həmçinin “Buratino” uşaq operası, a kapella xor kollektivi üçün mahnıları və çoxlu uşaq mahnıları da balaca dinləyicilərin estetik dünyagörüşünü musiqi duyumunu zənginləşdirən nümunələrdəndir.
Əfsər Cavanşirov 1958-ci ildən taleyini Azərbaycan Televiziya və Radiosunun nəzdində fəaliyyət göstərən “Bənövşə” uşaq xoru ilə bağlayıb. Bu kollektivin (hazırda Uşaq mahnı və rəqs ansamblı) bədii rəhbəri kimi Azərbaycan klassik və xalq musiqisinin təbliğində mühüm xidmətlər göstərib. Sənətkar həmçinin respublikamızda keçirilən dörd mahnı bayramının təşkilatçılarından biri olub. Üçüncü və dördüncü mahnı bayramlarında baş xormeyster, həm də baş dirijor kimi iştirak edib.
Görkəmli sənətkar nəcib və xeyirxah ziyalı kimi tanınıb, xüsusilə gənclərə qayğı ilə yanaşıb. Məhz buna görə də Əfsər müəllimi hələ gəncliyindən “uşaqların maestrosu” adlandırılıb. Onun yetirmələri arasında respublikamızın bir sıra tanınmış mədəniyyət və incəsənət xadimləri, o cümlədən Xalq artistləri Flora Kərimova, Xuraman Qasımova, Amaliya Pənahova və başqaları olub.
Gənc nəslin musiqi-estetik tərbiyəsinə və pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyinin “Qabaqcıl maarif xadimi”, 1982-ci ildə isə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülən sənətkar Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi. 20 may 2006-cı ildə, 76 yaşında Bakı şəhərində vəfat edib.
Təəssüf ki, görkəmli bəstəkar doğma yurdunun müzəffər Azərbaycan Ordusu tərəfindən yağı tapdağından qurtarılmasını görə bilmədi. Artıq Əfsər Cavanşirov və onun kimi yurd nisgili ilə dünyadan köçənlərin nigaran ruhu rahatlıq tapır...
Savalan FƏRƏCOV