Xocavənd rayonunun ərazisi Azərbaycan tarixinin başlanğıcının formalaşdığı bölgələrdən biridir. Ölkənin dünya əhəmiyyətli arxeoloji abidələrindən Azıx və Tağlar mağaraları burada yerləşir. Burada dünya, ölkə və yerli əhəmiyyətli yüzə yaxın tarixi abidə qeydə alınıb, əslində isə onların sayı daha çoxdur. Həmin abidələrin növlər üzrə təsnifatından aydın olur ki, onların sırasında məbədlər, məscidlər, qalalar əsas yer tutur. Xocavənd abidələrinin xronologiyası Azərbaycanın tarixi memarlığının özünəməxsus xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
Bu fikirləri tarix elmləri doktoru, professor Kərim Şükürov deyib. Tarixçi alim qeyd edib ki, qədim Azərbaycan dövləti – Qafqaz Albaniyasında xristianlığın qəbulu ərazidə memarlığın yeni istiqamətinin inkişafına təkan verib. Azərbaycanın alban xristianlıq abidələrinin xeyli hissəsi Xocavənd bölgəsindədir. Albaniyada xristianlığın qəbulunun ilk dövrlərindən etibarən burada alban kilsə və monastırlarının nadir kompleksi meydana gəlib. Onların içərisində IV əsrə aid Amaras monastırı xüsusi yer tutur. 1238-ci ildə Gəncəsər monastırı tikilənədək o, əsas xristian mərkəzələrindən biri olub.
Ərəb xilafətinin hakimiyyəti dövründə (VII-IX əsrlər) Qarabağın dağlıq hissəsində, o cümlədən Xocavənd bölgəsində xristianlığın qalması ilə yeni məbədlərin tikintisi davam etdirilib. 675-ci ildə Tağaverd kəndində, 701-ci ildə isə Qatsi kəndində yeni alban məbədləri tikilib. Təxminən həmin dövrlərdə Ktiş qalasının da adı çəkilir. Bölgədə xristian əhali ilə birgə, müsəlmanlığı qəbul edən sakinlər tərəfindən də islam dini abidələri və müqəddəs yerləri meydana gəlməyə başlayır.
Ərəb xilafətinin dağılmasından sonra Azərbaycanda müstəqil müsəlman dövlətləri yaranır. Qarabağ, həmçinin onun dağlıq hissəsi bu və sonrakı Azərbaycan dövlətlərinin (Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər, Atabəylər və s.) tərkibinə daxil olur. Eyni zamanda Qarabağın dağlıq hissəsində alban knyazlıqları bərpa edilir. Bu siyasi hadisələr tikinti-memarlıq işlərinə də təsir göstərir. Həmin dövrdə Xocavəndin ərazisində yeni alban məbədləri, o cümlədən Tuğ kəndində (1000-ci il) Qırımızı məbəd tikilib. Məbəd tikintiləri XI-XII əsrlərdə davam edib. Traxtik (1094), Sakuri (1131), Məmmədzar (1147), Hadrut (1170) və digər yaşayış məskənlərindəki məbədlər də bunu sübut edir.
XII əsrin sonlarından Xaçın knyazlığı yüksəlməyə başlayır. Xaçın knyazı Həsən Cəlalın dövründə Xaçın çayının sol sahilində alban memarlığının incilərindən olan Gəncəsər monastırı (1216-1238) tikilir. Alban katolikos-patriarxlığı buraya köçür. Bu dövrdə Xaçın knyazlığının tərkibinə daxil olan Xocavənd ərazisində də tikinti-memarlıq işi davam etdirilir. Güney Çartar (1236), Mestağlar (1241), Qatsi (1270) və digər kəndlərdə də məbədlər tikilir. Rzaqulu bəy türbəsi (Düdükçü kəndi) də XIII əsrə aiddir. Azərbaycan Qaraqoyunlu, Ağqoyunlu və Səfəvilər dövründə də bölgədə tikinti-memarlıq işi inkişaf edir.
“Xocavəndin tarix və mədəniyyət abidələri ermənilər tərəfindən ağır təcavüzə məruz qalıb. Ermənilər bölgənin alban xristian abidələrinin etnik mənsubiyyətini dəyişdirməyə, onları erməniləşdirməyə cəhd ediblər. Buna baxmayaraq, tarixi mənbələr və memarlıq xüsusiyyətləri onların məhz alban maddi irsi olduğunu təsdiq edir. Bölgənin islam tarixi abidələri isə məqsədyönlü şəkildə dağıdılıb”, - deyə Kərim Şükürov qeyd edib.