Türkiyənin Mersin Univeristetində onlayn şəkildə “IV Beynəlxalq Ağdəniz Simpoziumu” keçirilib. Tədbirə Türkiyə, Azərbaycan, Rusiya, Moldova, Çin, İraq, Serbiya, İsveçrə, Qazaxıstan, Türkmənistan, Pakistan və b. ölkələrdən alim və tədqiqatçılar qatılıb.
AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elçin Qaliboğlu “Azərbaycan balaban sənəti: ənənə necə yaşadılır?” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan aşıq sənətində sazla birlikdə balabanın ayrıca yeri vurğulanıb, Azərbaycan zurna-balaban sənətində məktəb yaratmış Əli Kərimovun (Kalvalı Əli Dədə) Azərbaycan musiqisinin, aşıq sənətinin inkişafındakı xidmətləri, havacatlarının sənətkarlıq keyfiyyəti incələnib.
Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni”, “Dağ çiçəyi”... O, 70-dən çox zurna-balaban havası yaradıb, indi də bu mahnılar Azərbaycan toylarının bəzəyidir.
E.Qaliboğlu çıxışında xüsusən son onillərdə ermənilərin balabanı özününküləşdirmək cəhdlərinin davamlı şəkil aldığını bildirib: “Utanmadan demək ki, balaban da erməninindir; üstəlik balabanda Azərbaycanın xalq havacatlarını “şirin-şirin” çalmaq, özününkü deyə təqdim etmək; bütün bunlar erməni sifətinin necəliyini aydınca göstərir. Zurna-balaban həmişə yanaşı təsəvvür edilən, mahiyyətcə bir-birindən ayrılmayan musiqi alətləridir. Zurna alətindən Şərqdə həmişə geniş istifadə edilib, ancaq bu alətin gerçəkdən ən yaxşı ifaçıları xalqımızın nümayəndələri olub. Balaban “bala səs” anlamındadır. Deməli, alət, üstəlik əsas ifalar da bizimkidir”.
Məruzədə erməni həyasızlığının ölçü həddinin olmadığı vurğulanıb: “Erməninin bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus bəşəri bir dəyəri yoxdur. Onun öz əliylə yazdığı qəsbkarlıq, qatillik dastanı var”.
SOLTAN