Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı ingilis dilində kitab halında nəşr olunub. Kitab əsərin qələmə alınmasının 95-ci ildönümü münasibətilə AMEA-nın Hüseyn Cavidin Ev-Muzeyi tərəfindən nəşrə hazırlanıb. Nəşrin ön söz müəllifi muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
Ön sözdə qeyd edilir ki, Hüseyn Cavidin “Topal Teymur” tarixi dramındakı əsas qayə tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarət olmuşdur. Mütəfəkkir şair bu məqsədini bədii cəhətdən yüksək səviyyədə reallaşdıra bilib. Buna görə də yüksək sənətkarlıqla qələmə alınmış bu əsərin təkcə ingilis dilində deyil, dünya xalqlarının aparıcı dillərinə çevirərək təqdimi də yüksək ideyaların təbliği məqsədi daşıyır.
“Topal Teymur” tarixi dramını ingilis dilinə tərcümə və redaktə edənlər tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova və filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayevadır.