“Biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik”

Müharibənin bu 40 günü ərzində mən dəfələrlə demişəm ki, Cənubi Qafqazın 3 ölkəsinin birlikdə işləyəcəyi günü görmək arzusundayam, necə ki, məsələn, biz yaxın strateji tərəfdaşımız və dostumuz olan Gürcüstanla edirik. Baxın, biz onlarla neçə layihə həyata keçirmişik, bizim əlaqələrimiz necə yaxındır. Bu əlaqələr tarixi irsə, praqmatizmə, maraqlarımızın balansına əsaslanır. Niyə Ermənistan təcrid olunub? İşğal səbəbindən. Əgər siz, məsələn, bizim enerji və nəqliyyat layihələrimizin xəritəsinə baxsanız görərsiniz ki, onlar Ermənistandan yan keçir. Bizim resurslarımızı beynəlxalq bazarlara nəql etməyimiz üçün ən qısa yol Ermənistandan keçir və biz 1990-cı illərdə bunu onlara təklif etmişik. Biz dedik – əraziləri boşaldın, gəlin, Ermənistan ərazisindən keçməklə Naxçıvan və sonra Türkiyəyə daxil olan kəmər tikək, onda biz bütün ölkələrin maraqlarını birləşdirərik, regionun bütün ölkələrini müəyyən mənada bir-birindən asılı edərik və bu, sülhün təminatı olar. Onlar dedilər – yox.

Prezident İlham Əliyev bu sözləri “BBC News”a müsahibəsində deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, əgər Ermənistan rəhbərliyi Azərbaycan Ordusu hələ Füzulini azad edəndə bu tələbi qəbul etsəydi, onda müharibə dayanardı və indi biz danışıqlar masasında necə irəli getmək barədə danışardıq.

Qeyd edək ki, Azərbaycan Prezidenti “BBC News”a müsahibəni noyabrın 6-da, yəni Şuşa şəhərinin işğaldan azad edilməsindən iki gün əvvəl verib. Müsahibənin mətni rəsmi mətbuatda noyabrın 9-da yayımlanıb. Həmin gün isə Azərbaycan Ordusunun növbəti zəfər müjdəsi – daha 71 kəndi, 1 qəsəbəni, bir sıra strateji yüksəklikləri azad etməsi xəbəri yayıldı.

Dövlət başçısı deyib: “Mən Minsk qrupu həmsədrləri vasitəsilə, – onlar bunu təsdiqləyə bilərlər, - dəfələrlə maliyyə yardımı, Dağlıq Qarabağda sosial proqramlar, büdcəmizdən maliyyələşmə təklif etmişəm, əgər onlar əraziləri boşaltsalar. Onlar deyiblər – yox. Mən Dağlıq Qarabağa muxtariyyət, dünyada mümkün olan ən yüksək muxtariyyət təklif etmişdim. Ermənistan dedi – yox. Onlar hər şeyə “yox” deyiblər. Beləliklə, indi baş verənlər onların günahıdır. Yeri gəlmişkən, onların Qarabağ klanı tərəfindən devrilmiş ilk prezidenti məqalə dərc etdirərək deyib ki, - bu, 1990-cı illərin ortalarında olub, - azərbaycanlılar indi bizə təklif etdiklərini bir daha təklif etməyəcəklər”.

“BBC News” əməkdaşının bu gün Azərbaycanın Dağlıq Qarabağ üçün hansı muxtariyyət statusunu qəbul edə biləcəyi barədə sualına cavabında dövlət başçısı bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. O, hər hansı başqa rayon kimi Azərbaycanın bir hissəsi olaraq qalacaq. Prezident qeyd edib ki, bu, bələdiyyə idarəçiliyi, yaxud ermənilər üçün mədəni muxtariyyət kimi müəyyən özünüidarə səviyyəsi ola bilər: “Lakin onlar Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır. Onlar İtaliya, İsveç və Finlandiya kimi Avropa ölkələrinin öz aralarında sahib olduğu ən yaxşı təcrübəyə əsaslanmalıdır. Niyə bundan fərqli olmalıdır? Sonra, əlbəttə ki, regiona sülh gələcək. Zənnimcə, səmimi desək, Ermənistanın bu baş naziri ilə sülh üçün hər hansı imkanın olduğunu düşünmürəm. Ermənistanda hökumət dəyişməli, məntiqli insanlar, qan axıdılması və hərbi cinayətlərlə əlaqəsi olmayan insanlar gəlməlidirlər və sonra düşünürəm ki, birgə addımlarla biz Cənubi Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan arasında Sovet İttifaqı dövründə mövcud olmuş əməkdaşlığın yeni formatını yarada bilərik. Bizim dost münasibətlərimiz var idi. Biz birlikdə yaşayırdıq”.

Jurnalistin Dağlıq Qarabağda azərbaycanlı və erməni əhalinin yanaşı yaşamasının mümkünlüyünə skeptik yanaşmasına Prezident İlham Əliyev belə cavab verib: “Nəyə görə onlar dünyanın digər yerlərində birgə yaşaya bilirlər? Siz qonşu Gürcüstanda ermənilərin və azərbaycanlıların bir yerdə, eyni kənddə yaşadığı kəndlərin olduğunu bilirsiniz? Onlar Rusiyada, Ukraynada bir yerdə yaşayırlar, onlar Azərbaycanda bir yerdə yaşayırlar, dünyanın bir çox digər yerlərində. Dünyadakı vəziyyəti indi müşahidə etsəniz, Qərbdə bəzi ermənipərəst mitinqlərdən başqa ermənilər və azərbaycanlılar arasında vəziyyət sakitdir. Nəyə görə onlar orada yaşaya bilərlər, lakin burada yaşaya bilməzlər?”.

İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və azərbaycanlı köçkünlərin geri qayıtması barədə suala cavab olaraq Prezident İlham Əliyev deyib: “İlk növbədə, bizim Ermənistan dövlətinin Azərbaycana və vətəndaşlarımızın əmlakına vurduğu ziyanı qiymətləndirməyə ehtiyacımız olacaq. Çünki azad edilmiş ərazilərdə demək olar ki, hər şey dağıdılıb. Mən dəfələrlə demişəm ki, on minlərlə insanın yaşadığı böyük şəhər olan Füzulidə biz bayraq sancmaq üçün bina tapa bilmədik. Beləliklə, biz onu dirəyə taxdıq. Ona görə də, biz, ilk növbədə, dəymiş ziyanı qiymətləndirəcəyik. Biz ekologiyamıza, infrastrukturumuza, evlərini itirmiş mülki şəxslərimizə və dövlətimizə, tarixi irsimizə dəymiş ziyanı qiymətləndirmək üçün beynəlxalq ekspertləri dəvət edəcəyik. Çünki bütün məscidlər, bütün muzeylər dağıdılıb. Bu, birincisi. Bundan sonra, əlbəttə ki, məhkəmə iddiaları olacaq, Ermənistan dövlətinə qarşı məhkəmə iddiaları və biz artıq buna hazırlaşırıq. İkincisi, bizim insanların orada yaşaması üçün azı ilkin şərait yaratmağa ehtiyacımız olacaq”.

Prezident qeyd edib ki, Azərbaycan son illər ərzində çox böyük uğurlara imza atıb, güclü bir ölkəyə çevrilib. Dağlıq Qarabağ münaqişəsinin həlli ölkəmizə yeni nəfəs verəcək: “İnsanlar, ilk növbədə, öz dədə-baba torpaqlarına qayıdacaqlar, öz yaxınlarının qəbirlərini ziyarət edə biləcəklər. Azərbaycan dövləti mütləq bu işlərdə onlara maksimum kömək göstərəcək. Biz işğaldan azad edilmiş torpaqları yenidən quracağıq, evlər, inzibati binalar, məktəblər tikiləcək. Beləliklə, ölkəmiz üçün yeni bir dövr başlanacaq. Bu yeni dövr böyük imkanlar açacaq, təkcə iqtisadi sahədə yox, eyni zamanda, siyasi münasibətlər sahəsində hesab edirəm ki, müsbət meyillər daha da güclənəcək. Azərbaycan beynəlxalq arenada öz rolunu daha da artıracaq. Azərbaycana olan hörmət daha da artacaq ki, biz güclü dövlət kimi öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ bərpa edirik. Beləliklə, ölkəmizin gələcək inkişafı əminəm ki, çox uğurlu olacaq. Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi. Mən şadam ki, bu vəzifənin öhdəsindən də şərəflə gəlirəm və Azərbaycan xalqının dəstəyi, zəhməti və cəsarəti hesabına biz torpaqlarımızı qaytarırıq. Azərbaycan xalqının fədakarlığı bir daha onu göstərir ki, biz böyük xalqıq, biz birlik nümayiş etdirmişik və bu birlik bizi daha da gücləndirəcək, ölkəmizi daha da qüdrətli ölkəyə çevirəcəkdir”.