Aprelin 27-si dünyaşöhrətli violonçel ifaçısı, dirijor, pianoçu, pedaqoq, ictimai xadim, insan hüquq və azadlıqlarının fəal müdafiəçisi Mstislav Rostropoviçin (1927–2007) xatirə günüdür.  

Müasir dünya musiqisinin inkişafına misilsiz töhfələr vermiş böyük sənətkarın vəfat günündə onun yaradıcılığının Amerika dövrü barədə söz açacağıq.

Mstislav Rostropoviç violonçel ifaçılığı tarixində yeni bir səhifə açıb və ən mötəbər konsert salonlarında orkestr dirijoru kimi çoxsaylı çıxışlar edib.

Rostropoviçin həyatı keşməkeşli olub. O, sovet ideologiyasının ən təhlükəli illərində kommunizmə zidd demokratik ideyaları çəkinmədən səsləndirib. Onun Sovet hakimiyyətinə qarşı müxalif fikirləri ilk dəfə özünü 1948-ci ildə Moskva konservatoriyasında təhsil aldığı illərdə göstərir. Həmin ilin 10 fevral tarixində "formalist" bəstəkarlar haqqında verilmiş fərman nəticəsində müəllimi Dmitri Şostakoviçin Sankt-Peterburq və Moskva konservatoriyalarında professorluq dərəcəsindən məhrum edilməsinə etiraz əlaməti olaraq 21 yaşlı Rostropoviç konservatoriyanı tərk edib.

Gənc musiqiçinin azad düşüncəsi gələcəkdə bir çox problem və çətinliklərlə mübarizə aparmasına səbəb olub. Bu onun doğma Vətənindən uzaq düşməsi və Sovet vətəndaşlığının əlindən alınması ilə nəticələnib.

1970-ci ildə isə sovet ideologiyasının təqiblərinə məruz qalan yazıçı Aleksandr Soljenitsın ilə dostluğuna görə hakimiyyətin qəzəbinə tuş gəlir, özünün və ailəsinin xarici səfərlərə getməsinə qadağa qoyulur. Ancaq o buna özünəxas hazırcavablıqla reaksiya verir. Mədəniyyət naziri bəstəkarı yanına çağırıb deyir: “Sən Soljenitsını saxlayırsan – o sənin bağ evində yaşayır. Səni bir il xaricə buraxmayacağıq”. O, çiyinlərini çəkərək cavab verir: “Heç vaxt xalqım qarşısında konsert verməyin cəza olduğunu düşünməmişəm”.

Bundan sonra Rostropoviç və həyat yoldaşı, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Qalina Vişnevskayanın xaricə səfərlərinə məhdudiyyət qoyuldu. Üstəlik, vətənlərində də konsertləri ləğv edildi. 1978-ci ildə sovet vətəndaşlığından məhrum edən “fərman” onların hotellərdə, kirayə mənzillərdə gəzişməsinə son qoydu. Rostropoviçlərin adı sovet mətbuatında çəkilmədi, ifalarına dair yazılar isə məhv edildi.

Monako şahzadəsi onlara vətəndaşlığı olmayan şəxs kimi rəsmi pasport verdi. Maestro depressiyaya düşə bilərdi, lakin o, müqəddəs qaydasını xatırladı: “İstənilən çətin anda, sadəcə, violonçel çal!”. Beləliklə, violonçel onu bir daha xilas etdi.

Bir neçə ölkədə mənzil, ən yaxşı mehmanxana nömrələri həmişə onun xidmətində idi. Ancaq uzun müddət idi ki, Rostropoviçin özünə məxsus evi yox idi. Belə ki, onun Nyu-York, Vaşinqton, Paris... möhürü ilə səkkiz çamadanı bir şəhərdən digərinə daşınırdı. Bəzən çamadanlar ondan öncə təyinat yerində onu gözləyirdi.

Xaricə köçdükdən sonra M.Rostropoviç dirijor kimi fəaliyyət göstərib, festivallar təşkil edib, ustad dərsləri verib, xeyriyyə işləri ilə məşğul olub. O, 1989-cu ildə Berlin divarı qarşısında çıxış edib, eləcə də 1991-ci ilin avqustunda Rusiyada Ağ Evinin müdafiəçilərinə qoşularaq günlərlə keşik çəkib. İnsan hüquqlarını müdafiə etdiyi üçün bir sıra mükafatlara layiq görülüb.

M.Rostropoviçin Vaşinqton Simfonik Orkestrinə dirijorluq etdiyi dönəm onun yaradıcılığının ən parlaq səhifələrindən sayılır. Sovet rəhbərliyinin Rostropoviçin  xaricə ezamiyyətə getməyi xahiş edən məktublarını imzalamasında ABŞ rəhbərliyinin də böyük təsiri olduğunu deməyimizə əsas verən yazışmalar mövcuddur. Bu addımı ilə Amerika 17 il ərzində Rostropoviçi qazandı. Belə ki, M.Rostropoviç Vaşinqtondan ABŞ Milli Simfonik Orkestri ilə iki konsertdə dirijor kimi çıxış etmək üçün dəvət alanda musiqiçinin Moskvanı tərk etməsindən bir il belə keçməmişdi. Baxmayaraq ki, daha çox violonçel ifaçısı kimi tanınan maestro hələ dirijor kimi böyük nüfuza malik deyildi. Ancaq intuisiyası ona doğru yol göstərdi. Rostropoviçin Vaşinqton Simfonik Orkestri ilə uzun illər davam edəcək yaradıcılıq fəaliyyəti başlandı.

Çox keçmədən Rostropoviçə ABŞ Milli Simfonik Orkestrinin (Vaşinqton Simfonik Orkestri) bədii rəhbəri və baş dirijoru kimi şərəfli və məsuliyyətli vəzifə təklif olundu.  Müqavilə o şərtlə bağlandı ki, o, 1977-ci ildə, əvvəlki dirijorla müqavilə müddəti bitəndən sonra orkestrə rəhbərlik etməyə başlasın.

M.Rostropoviçin Amerika orkestri ilə fəaliyyətinin başlanğıcı, musiqiçinin tərcümeyi-halındakı bir çox şeylər kimi, qeyri-adi oldu: o, müqavilə şərtlərinin yaxşılaşdırılması tələbləri ilə orkestr musiqiçilərinin tətilində iştirak etdi. Mənəvi açıqlıq, insanpərvərlik və sadəlik dərhal dirijorla orkestr arasında inam və qarşılıqlı sevgi mühiti yaratdı.

İlk başdan maestro musiqiçi yoldaşları ilə özünü bir dost və yoldaş kimi apardı. Ancaq amerikalıları valeh edən ən vacib nüans M.Rostropoviçin dirijor stendində dayandığı zaman onun mənəvi gücü, yaradıcı şəxsiyyətinin orijinallığı idi. Onun üçün heç bir stereotip yox idi. Mühacirətdə yaşadığı illərdə klassik və müasir rus musiqisinin bütün dünyaya yayılması Rostropoviç üçün müqəddəs vəzifə oldu. Çünki bunu özünün övladlıq borcu, doğma torpağı, xalqı qarşısında vəzifə borcu hesab edirdi. O, deyirdi: “Evdə olmayanda hisslər daha da güclənir, ona görə də mənim rus musiqisinə olan sevgim daha da gücləndi. O mənim üçün daha da əziz oldu”.

Beləliklə, P.Çaykovskinin simfoniyalarından sonra o, Vaşinqton Simfonik Orkestri ilə D.Şostakoviçin simfoniyaları üzərində işləməyə başladı. Rostropoviç və onun orkestri üçün əsas yerdə Şostakoviçin beşinci və səkkizinci simfoniyaları durdu. A.Dvorjakın “Violonçel konserti” ilə birlikdə Şostakoviçin simfoniyaları Rostropoviçin "vizit kartı" oldu.

ABŞ Milli Simfonik Orkestri yalnız möhtəşəm ifalara görə deyil, həm də repertuarının maraqlı əsərlərlə yenilənməsi hesabına uğur qazandı. 1970–1980-ci illərdə dünyanın heç bir orkestrinin görkəmli və müasir bəstəkarlarla əlaqələri olmayıb. Məhz bu bəstəkarlar Rostropoviçə həsr etdikləri yeni əsərlərini premyera üçün ona göndərirdilər. Onların arasında polyak Kşiştof Penderetski və Vitold Lutoslavski, yapon Yuki Yakoyama, ruslardan Vyaçeslav Artyomov və Rodion Şedrin kimi böyük şəxsiyyətlər var idi. Bir diqqətəlayiq statistikanı nəzərinizə çatdırmaq istərdik: Vaşinqton Simfonik Orkestrinin 13 mövsümündə (yəni 1990-cı ilə qədər) M.Rostropoviç 154 bəstəkarın 469 əsərinə dirijorluq edib. Bundan əlavə, hər dörd ildən bir ABŞ-nin yeni Prezidentinin andiçmə mərasimində Rostropoviçin dirijorluq etdiyi Vaşinqton Simfonik Orkestri çıxış edir və hər il Müstəqillik Günündə – iyulun 4-də Kapitolidə açıq səhnədə konsert verirdi. Musiqiçi zarafatla deyirdi: “Mənim dörd ABŞ Prezidentini baş dirijor kimi “təcrübə” etmək imkanım oldu”.

Ünsiyyətcil, inanılmaz dərəcədə şən insan, hazırcavab və maraqlı tanışlıqlara açıq olan M.Rostropoviç Qərbdə parlaq karyerası illərində krallardan, şahzadə və prezidentlərdən tutmuş, müasir incəsənətin korifeylərinə kimi bir çox yüksək vəzifəli və məşhur insanlarla dost oldu.

1987-ci ilin martında Rostropoviç 60 illik yubileyini qeyd edəndə musiqi aləminin görkəmli simaları, yaradıcı ziyalılar, o cümlədən Amerika və Avropanın tanınmış siyasətçiləri və ictimai xadimləri Vaşinqtonda toplaşdılar. Rostropoviçin yubileyi şərəfinə Vaşinqtonda Birinci Dünya Violonçel Konqresi keçirildi.

ABŞ Prezidenti Ronald Reyqan isə Ağ Evdə musiqiçiyə “Azadlıq medalı”nı təqdim edərkən bu məşhur ifadəni səsləndirdi: “ABŞ-nin Prezidenti mənəm, amma Amerikanın şöhrəti Rostropoviçdir”.

M.Rostropoviç 1977-ci ildə Vaşinqton Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsinə təyin olunub və 1994-cü ilə qədər ona rəhbərlik edib. ABŞ Milli Simfonik Orkestri ilə o, çoxlu rus musiqisini ifa edib və lentə alıb, özünü həmişə onun elçisi kimi hiss edib. O, Rostropoviç ABŞ Milli Simfonik Orkestri ilə 17 illik möhtəşəm əməkdaşlığını 1994-cü ildə genişmiqyaslı konsertlə bitirir.

Maestro ilə “tanış” olan bütün ABŞ prezidentləri – Cimmi Karter, Ronald Reyqan, Corc Buş (böyük) və Bill Klinton bu münasibətlə ona təşəkkür məktubu ünvanlayırlar. B.Klinton maestroya ünvanladığı məktubda yazırdı: “Hörmətli maestro, Hillari və mən dünyadakı bütün dostlarınız və pərəstişkarlarınızla birlikdə həyatımızı zənginləşdirdiyiniz üçün Sizə təşəkkür etməkdən çox məmnunuq. 17 il Milli Simfonik Orkestrin baş dirijoru kimi milli mədəniyyətə böyük töhfələr vermisiniz. Siz və musiqiçiləriniz ABŞ-ni dünyada ən yaxşı şəkildə təmsil edib. Bu milli mədəniyyətimizdə möhtəşəm bir dövrün başa çatmasıdır. Sizin irsiniz və ruhunuz həm də Amerikanın ən yaxşı orkestrlərindən biri üçün parlaq gələcəyin başlanğıcıdır... Sizə cansağlığı arzulayırıq və ümid edirik ki, Birləşmiş Ştatlar və bütün dünya xalqları üçün yardımlarınızı davam etdirəcəksiniz”.

Bəli, mühacirət həyatı eyni vaxtda M.Rostropoviçin beynəlxalq şöhrətinin çiçəklənməsinə yol açır. Bu illər ərzində çoxsaylı qastrol səfərləri edir, beynəlxalq mükafatlara, ən nüfuzlu universitet və musiqi akademiyalarının fəxri doktoru adlarına, Fransa, İtaliya, Danimarka, İsveç, İspaniya, Belçika, Venesuela, Ekvador və başqa ölkələrin dövlət mükafatlarına layiq görülür... 

Səbinə Qurbanova
L. və M.Rostropoviçlərin Ev-Muzeyinin böyük elmi işçisi