Mədəniyyət Nazirliyinin rəhbərliyi və tanınmış mədəniyyət xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağın baş tacı, xalqımızın qədim tarixi irs və mədəniyyət mərkəzi, hər bir azərbaycanlının qəlbində müstəsna yeri olan Şuşa şəhəri 28 il sürən işğaldan sonra şanlı Ordumuz tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən noyabrın 8-də elan edilən bu zəfər müjdəsi Azərbaycan xalqına, dünya azərbaycanlılarına möhtəşəm sevinc hissi yaşatdı.

Bütün xalqımız kimi, Azərbaycanın mədəniyyət ictimaiyyəti də bu zəfər xəbərindən sonsuz qürur duyur. Azərbaycanın dilbər guşəsi Şuşa milli mədəniyyətimizin beşiyi, dünya mədəniyyət xəzinəsinə böyük töhfələr vermiş şəxsiyyətlərimizin, bir çox məşhur sənətkarların, musiqiçi, memar, rəssam və ədiblərin vətənidir.

Prezident İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır: “Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir”.

Şuşanın işğaldan azad olunması eyni zamanda Azərbaycan mədəniyyətinin dirçəlişi deməkdir. 1992-ci ilin 8 mayında Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi Azərbaycan mədəniyyətinə ağır zərbə idi. İşğal nəticəsində şəhərdəki mədəniyyət ocaqları – muzeylər, kitabxanalar, mədəniyyət evi, rəsm qalereyası, musiqi məktəbləri dağıdılıb talan edilib, tarixi tikililər, memarlıq nümunələri, abidələr məhv edilib.

Azərbaycan Ordusunun 2020-ci il 8 noyabr zəfərindən sonra Şuşa ilə bağlı mədəni irsimizin də yeni tarixi başlanır. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, “Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Noyabrın 9-da – Dövlət Bayrağı Günündə mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov, nazirliyin rəsmiləri, ölkənin yaradıcılıq təşkilatlarının rəhbərləri – Yazıçılar Birliyinin sədri Anar, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, tanınmış mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, mədəniyyətimizin unudulmaz hamisi Heydər Əliyevin məzarını ziyarət etdilər.

Ulu öndərin məzarı önünə gül dəstələri düzüldü, xatirəsi dərin ehtiramla yad edildi. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı da ziyarət olundu, məzarın önünə gül dəstələri qoyuldu.

Fəxri xiyaban Şuşanın Azərbaycan mədəniyyətinə bəxş etdiyi bir çox görkəmli şəxsiyyətlərin uyuduğu məkandır. Dahi bəstəkar Üzeyir Hacıbəyli, milli vokal sənətimizin banisi Bülbül, dünya şöhrətli xalçaçı-rəssam Lətif Kərimov, korifey teatr rejissoru Mehdi Məmmədov, məşhur bəstəkar Süleyman Ələsgərov,  eləcə də əslən şuşalı olan görkəmli musiqi xadimləri – bəstəkarlar Fikrət Əmirov, Vasif Adıgözəlov, maestro Niyazi, müğənni Rəşid Behbudov və digər görkəmli sənətkarların məzarları buradadır.

Şuşanın işğaldan azad olunması münasibətilə bu şəhərdə doğulan, Şuşanın mədəni mühitindən bəhrələnən görkəmli şəxsiyyətlərin məzarları ziyarət olundu. Məzarların üzərinə gül dəstələri qoyuldu.

Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov qeyd etdi ki, bu gün burada toplaşmağımızda məqsəd əslən Şuşadan olan dahi sənətkarların xatirəsini yad etməkdir: “Hər birinin ruhları şad olsun. Çünki Qarabağın qəlbi Şuşa şəhəri düşməndən azad olunub. Bu münasibətlə mən bütün Azərbaycan xalqını, ürəyi Azərbaycanla döyünən bütün insanları təbrik edirəm. Şuşa bizim qeyrət qalamız, kimliyimizdir. 28 il biz Şuşanın həsrəti ilə yaşamışıq. Sağ olsun Ali Baş Komandan, sağ olsun Azərbaycan Ordusu ki, bizlərə bu qalibiyyəti bəxş etdilər. Mən əminəm ki, gələn il Şuşada böyük bir tədbir keçirəcəyik. Cıdır düzündə Qarabağ atlarının belində çövkən oyunu təşkil edəcəyik. Şuşanın bütün mədəniyyət abidələrini, xalçalarımızın solan rənglərini bərpa edəcəyik”.

Daha sonra mərasim iştirakçıları Şəhidlər xiyabanını ziyarət etdilər.

Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov jurnalistlərə açıqlamasında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsinə ehtiramını bildirdi, şəhidlərimizə Allahdan rəhmət dilədi,  ailələrinə, yaxınlarına başsağlığı verdi.  Qeyd etdi ki, bu gün Azərbaycan xalqı tarixi günlərini yaşayır: “Bundan sonra Azərbaycan xalqı üçün yeni səhifə başlayır. Biz Şuşaya qayıdırıq. Şuşanın ruhunu, mədəniyyətini bərpa edəcəyik. Bütün Azərbaycan xalqının gözü aydın olsun. Bayramımız mübarək!”.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Şuşa zəfəri günündə şəhidlərimizin, eləcə də əslən Şuşadan olan sənətkarlarımızın da ruhunun şad olduğunu dedi: “Çünki baş tacımız Şuşa şəhəri azad olunub”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətov bir neçə il öncə Polad Bülbüloğlu, Kamal Abdulla və Fərhad Bədəlbəyli ilə Şuşaya gedəndə erməni qəsbkarlarının bu şəhəri necə bərbad günə salıqlarını gördüyünü bildirdi: “O zaman Bülbülün evində də oldum, qəbiristanlığa da baş çəkdik. Bu gün bizim borcumuz həmin yerləri bərpa etmək, Şuşanı əvvəlki vəziyyətinə qaytarmaqdır”.

“Şuşa bizim qürur yerimiz və mədəniyyət paytaxtımız, dahi sənətkarların yetişdiyi bir bölgədir. Mən də öz səsimi məhz o torpaqda qazanmışam”. Bu fikirləri isə Xalq artisti, Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov dedi. Vurğuladı ki, Ali Baş Komandanın və müzəffər Azərbaycan Ordusunun xalqa yaşatdığı bu sevinc məndə böyük ruh yüksəkliyi yaradıb: “İndi Üzeyir bəyin, Rəşidin, Xan Şuşinskinin ruhları şaddır. Biz mütləq o torpağa qayıdacağıq, güllələnmiş heykəlləri öz yerinə qoyacağıq, orada musiqi festivalları keçirəcəyik. Mən də orada “Qarabağ şikəstəsi”ni oxuyacağam”.

“Həyatımda elə bir gözəl günü yaşayıram ki, bunu sözlərimlə ifadə edə bilmirəm. Çox sevinirəm ki, torpaqlarımız geri qayıdır”, – deyə Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Xalq artisti, pianoçu Murad Adıgözəlzadə ürək sözlərini bölüşdü. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqının, o cümlədən şuşalıların sevincinin həddi-hüdudu yoxdur: “Ali Baş Komandanımız bizə elə bir sevinc bəxş etdi ki, bundan böyük hədiyyə ola bilməz”.

NURƏDDİN