Azərbaycan ədəbiyyatşünaslığına töhfələr verən görkəmli alimlərimizdən biri professor Malik Mahmudov olub. O, dünya şərqşünaslığında ilk dəfə olaraq VII-XII əsrlərdə yaşamış ərəbdilli azərbaycanlı ədib və şairlərin həyat və yaradıcılığını tədqiq edib, mədəniyyət tariximizdə az öyrənilən bir sahəni dəyərli əsərləri ilə zənginləşdirib.

Malik Rüstəm oğlu Mahmudov 4 noyabr 1938-ci ildə Ordubad şəhərində doğulub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinə qəbul olunur. Burada yeni açılan ərəb şöbəsində oxuyur. Görkəmli alim və pedaqoq, Əməkdar elm xadimi, professor Ələsgər Məmmədovdan dərs alır. Təhsilini başa vurduqdan sonra təcrübə mübadiləsi üçün Bağdad Universitetinə göndərilir.

İraqdan qayıtdıqdan sonra Malik Mahmudov Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna kiçik elmi işçi olaraq qəbul edilir. Dahi Azərbaycan alimi Xətib Təbrizinin (1030-1109) həyat və yaradıcılığı üzərində işləyir. 1967-ci ildə bu mövzuda namizədlik dissertasiyası (fəlsəfə doktoru) müdafiə edir və 1972-ci ilədək Şərqşünaslıq İnstitutunda Ərəb ədəbiyyatı şöbəsinin müdiri olur. Sonra BDU-nun Şərqşünaslıq fakültəsinin Yaxın Şərq xalqları ədəbiyyatı kafedrasında baş müəllim işləyir. 1975-ci ildə doktorluq dissertasiyası müdafiə edir, professor elmi adını alır və kafedra müdiri vəzifəsinə irəli çəkilir.

Alimin araşdırmaları ilə X.Təbrizinin dövrü, mühiti, şəxsiyyəti, eyni zamanda zəngin ədəbi-nəzəri irsi haqqında dolğun elmi təsəvvür yaranır. Tədqiqatçı həmçinin X.Təbrizini IX-X əsrlərin görkəmli alimləri Əbu Bəkr əs-Suli, İbn Cinni, Əbu Hilal əl-Əsgəri, Əbülhəsən ibn İsmayıl və başqaları ilə müqayisə edib. Belə qənaətə gəlib ki, X.Təbrizi özündən əvvəlki alimlərdən fərqli olaraq əsərləri müxtəlif elm sahələri ilə bağlı şəkildə tədqiq edən ilk şərhçi olub.

Tanınmış şərqşünas alim, mərhum akademik Vasim Məmmədəliyev və professor Elbrus Əzizov Malik Mahmudovun tədqiqatlarını yüksək qiymətləndiriblər. Onların bir məqaləsində oxuyuruq: “Orta əsrlərin nüfuzlu filoloqu İbn Quteybə özünün “Əş-şir va-ş-şuara” adlı məşhur kitabında yazır: “Mədinədə məvalilərdən (islamı qəbul etmiş qeyri-ərəblərdən) elə bir şair yoxdur ki, o, əslən Azərbaycandan olmasın. Professor Malik Mahmudov “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər” kitabında məhz həmin məvaliləri dəqiqliklə izləyib, çoxsaylı təzkirələri araşdıraraq sanballı bir tədqiqat işi yaradıb”.

Araşdırmalarda o da bildirilir ki, Malik Mahmudov ərəbcə yazıb-yaradan Əbu Bəkr Məhəmməd Urməvi Azərbaycani, Osman Musəddəd Dərbəndi, Məhəmməd ibn Əbdüləziz Bərdəi, Yaqub ibn Musa Ərdəbili, Məhəmməd ibn Bakuveyh Bakuvi, Musa ibn İmran Səlmasi, Məhəmməd ibn Abdullah Maraği, İsmayıl ibn Əli Gəncəvi və digər azərbaycanlı mütəfəkkir və ədiblər haqqında məlumat toplayıb. O, eyni zamanda VIII əsrdə ərəblərə qarşı başlamış şüubiyyə hərəkatının banilərindən olan İsmayıl ibn Yəssar, şeirləri ilə şöhrət tapmış Musa Şəhavat, Mənsur Təbrizi, Xətibi Urməvi, Hüseyn Təbrizi, Əli Təbrizi, Xəttat Nizami Təbrizi, İskafı Zəncani, Şihabəddin Sührəvərdi, Eyn əl-Quzat Miyanəçi və Yusif ibn Tahir əl-Xuveyyinin həyat və yaradıcılığını araşdırıb. Göstərib ki, VII-XII əsrlərdə ərəbcə yazan azərbaycanlı şair və ədiblərin yaradıcılığı klassik Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayıb.

“Klassik Azərbaycan ədəbiyyatı” toplusu və “Azərbaycan sovet ensiklopediyası”nın müəlliflərindən olan alimin bir sıra əsərləri İran və Türkiyədə nəşr olunub. O, pedaqoq kimi gələcəyin şərqşünaslarına diqqət və qayğı göstərib. Yetirdiyi onlarla alim bu gün ərəb ədəbiyyatı sahəsində çalışırlar.

Görkəmli ərəbşünas alim, professor Malik Mahmudov 3 iyun 1991-ci ildə, 53 yaşında vəfat edib.

Malik Mahmudovun yetirmələrindən olan professor Aida Qasımova alimin mühazirələri əsasında “Klassik ərəb ədəbiyyatı” dərsliyini nəşr etdirib.

Savalan FƏRƏCOV