Şuşa qələbəsinin, Bayraq gününün mənəvi həzzindən sonra xalqımız daha bir möhtəşəm xəbərin şahidi oldu. Müzəffər Ordumuz işğalçılara məğlubiyyətin acısını daddırdı. Vətən müharibəsi Azərbaycan vətəndaşlarının döyüş ruhunu qaldırdı, xalqın monolit birliyini göstərdi. Ali Baş Komandan özünün qətiyyətli addımları, diplomatik məntiqi, sərkərdəlik qüdrəti, taktiki-manevr qabiliyyəti ilə 44 gün ərzində beynəlxalq təşkilatların illərlə laqeyd yanaşdığı problemi çözə bildi.

Müdrik rəhbərimiz İlham Əliyev Vətənimiz üçün tarix yazır. Yeni tarix! Qarabağda dalğalanan Bayrağın tarixini!

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Qələbə sevincini bu sözlər ifadə edib. Teatrdan yayılan açıqlamada deyilir:

“Göz bəbəyimiz, Qafqazın konservatoriyası Şuşa Tarixini! Tarixi-mədəni irsimiz girovlardan qurtuldu. Pənahəli xanın, Xan qızı Natəvanın, Üzeyirin, Bülbülün, Rəşidin, Xan Şuşinskinin ruhu toxtaqlıq tapdı. Gövhər Ağa məscidi təhqirdən qurtardı, indən sonra onun minarələrində azan səslənəcək. Cıdır düzündə Qarabağ atları tamaşaçıları heyrətləndirəcək. Biz də teatr kollektivi olaraq Şuşa teatr festivalına  bir ayrı şövqlə hazırlaşacağıq.

2021-ci ildə Qarabağda bahar günəşi bir başqa şəfəq saçacaq. Bahar çiçəklərinin boynu bükük qalmayacaq. Xarı bülbül şəstlə günəşə doğru açılacaq. Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının, Xocalının, Əsgəranın bərəkətli torpaqlarında dədə-babaların oxuduğu əkinçi nəğmələri oxunacaq.

Yeni nəğmələrimiz mübarək! Ali Baş Komandan, müzəffər Ordumuz, Qələbəmiz mübarək!”.