30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan tarixi-mədəni irsimizə də böyük zərbə vurub. Türkiyənin Azərbaycandakı keçmiş səfiri, tanınmış diplomat Hulusi Kılıç hesab edir ki, Ermənistan dövləti belə qanunsuz əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir: “Bir xalqın tarixi abidələrinin, mədəniyyət müəssisələrinin vəhşicəsinə dağıdılması vandalizimdir, bəşəriyyət əleyhinə cinayətdir və bu cinayətlərə hüquqi qiymət verilməlidir. İnanıram ki, ermənilər də yaşadığımız çağdaş dönəmdə Azərbaycan ərazilərində həyata keçirdikləri vandalizm əməllərinə görə cəzalanacaq”.

Söhbət əsnasında diplomat həm də Türkiyənin Dağlıq Qarabağdakı sülhməramlı missiyadakı roluna da toxundu və bildirdi ki, müvaviq anlaşmaya əsasən artıq türkiyəli zabitlər Azərbaycandadır və Türkiyə və Rusiya müdafiə nazirlərinin qəbul etdikləri memorandumda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq ortaq mərkəzin funksiyası müəyyənləşib: “Memorandumda qeyd olunur ki, bu mərkəz  Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə əməl olunması barədə məlumat toplayacaq, ümumiləşdirəcək və yoxlayacaq. Yəni Azərbaycan ərazisində olan bu mərkəzə təyin edilən türkiyəli hərbçilər necə öz vətənlərində missiyalarını yerinə yetirirlər, eləcə də Qarabağda öz vəzifələrini şərəflə və vicdanla icra edəcəklər. Buna heç bir şübhə olmamalıdır. Artıq Türkiyə rəsmi şəkildə bu prosesə daxil oldu. Bundan sonra Ermənistanın atəşkəsi pozma kimi bir təxribatı müzakirə mövzusu ola bilməz”.

Azərbaycan, Rusiya, Ermənistan arasında 10 noyanbrda qəbul edilən bəyanatı qiymətləndirən diplomatın fikrincə, bu sənəd imzalanana qədər uzunmüddətli həll prosesini keçib: “Bu sənədə görə, 3 həftə sonra işğalda olan bütün torpaqlar Azərbaycana geri qaytarılacaq. Azərbaycan Ordusu onsuz da Xocalının və Xocavəndin bir neçə kəndini döyüşlə geri almışdı, amma artıq işğalda olan digər torpaqlar döyüşsüz geri veriləcək. Sənəddə də qeyd olunur ki, tərəflər olduğu mövqeyi qoruyacaq. Təbii ki, Azərbaycan Ordusu işğalda olan hər qarış torpağı üçün mübarizə aparmağa hazır idi. Amma atəşkəsin elan olunması daha az şəhid və qurban verilməsi deməkdir. Bu savaşın zirvə qazancı olan Şuşa bir namus məsələsi idi. Ölümü göz önünə alan Azərbaycan əsgəri Qafqazların incisi Şuşanı geri aldıqdan sonra Ermənistan ordusu dağıldı və Paşinyan məğlubiyyətini qəbul etdi. 44 gün ərzində o əsgərlər öz qanları ilə tarixə yazdıqları qəhrəmanlıq dastanlarını, şübhəsiz ki, gələcək zamanlarda oxuyacağıq. Bu 44 gün ərzində döyüş meydanında Azərbaycanın nə qədər mərd və adil, Ermənistanın isə terror dövləti, uşaq qatili, müharibə cinayətkarı olduğunu gördük. Xocalı qətliamı Gəncədə, Bərdədə, Tərtərdə təkrarlandı. Beynəlxalq hüquq tələbləri çərçivəsində bütün bunların hesabı sorulacaq”.

Azərbaycan, Rusiya, Ermənistan arasında qəbul edilən bəyanatın sosial şəbəkələrdə bəzən yanlış olaraq analiz edildiyinə də toxunan H.Kılıc bildirdi ki, bu, da bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın Qarabağ uğrunda savaşda qələbəsinə, Vətən-Millət-Bayraq-Lider vəhdətinin 44 gün ərzində qazandığı uğurlara kölgə salmaq cəhdlərindən irəli gedə bilməz: “Yəni tənqid edəndə də bunu insafla etmək lazımdır. Savaş yeni başlayanda mən demişdim ki, Azərbaycanın qələbəsi regionda intibah yaradacaq. Bəli, biz qarşıdakı qısa zamanda bu zəfərin bəhrələrini görəcəyik. 27 sentyabrdan öncə bunların heç biri yox idi. Artıq yurdlarından didərgin düşən azərbaycanlılar da BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşayiəti ilə evlərinə geri dönəcəklər. O torpaqlar çiçəklənəcək, inkişaf edəcək və Qarabağ yenidən Azərbaycanın möhtəşəm mədəniyyət mərkəzinə çevrilək”.

Diplomat söhbət əsnasında ATƏT-in Minsk Qrupuna da diqqət çəkdi və  bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində indiyədək heç bir müsbət rol oynamayan bu təsisatın və üçlü həmsədrliyin fəaliyyətini də artıq bitmiş hesab etmək olar.

Mehparə SULTANOVA
Ankara