Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qazandığı böyük Qələbə cəmiyyətimizdə misilsiz ruh yüksəkliyi yaradıb. Sözsüz ki, dövlət başçısının ölkə ictimaiyyətinə çatdırdığı Qələbə sorağına ən çox sevinənlər illərdir doğma torpaqlarına həsrət qalmış məcburi köçkünlərdir.
Astara şəhərinin Nərimanov küçəsində məskunlaşmış Füzuli rayonunun Şükürbəyli kənd sakini Arəstə Səfərova bildirib ki, kəndlərinin azad olunması xəbərini eşidəndə sevincindən bir müddət nitqi tutulub: “Uşaqlarım mənə sarılaraq hönkürtü ilə ağladılar. Tökülən göz yaşları sevinc yaşları idi. Kəndimizə qayıdan kimi birinci növbədə qayınatamın və qayınanamın qəbrini ziyarət edəcəyəm. Çünki onların ailəmin üzərində böyük haqları olub. Təsərrüfatımızı yenidən bərpa edəcəyik. Sevincimizin həddi-hüdudu yoxdur. Bu sevinci bizə Müzəffər Ali Baş Komandanımız və rəşadətli Ordumuz bəxş edib. Allah Prezidentimizi və hərbçilərimizi qorusun!”.
Hazırda Salyan rayonunda məskunlaşmış əslən Şuşadan olan Əsgərovlar ailəsi də böyük sevinc içərisindədir. Onlar uzun zaman Şuşa və Xankəndi şəhərlərində yaşayıblar. Ailənin xanımı Həqiqət Əsgərova deyir ki, onu tək qorxudan 28 ildir həsrətində olduğu Şuşanı görmədən həyatdan köçmək idi: “Mən öz sevinc hisslərimi ifadə edə bilmirəm. Şuşa mənim ürəyimdədir. Mən çox sevinirəm. Hələ bu 60 ildə mən belə sevinməmişdim. Çünki mənim anamın uyuduğu torpaq geri qayıdıb. Şuşaya ilk dəfə daxil olanda dizlərimi yerə qoyub torpağı öpəcəyəm. Sonra gedib anamın qəbrini ziyarət edəcəyəm. Şuşasız Qarabağ ola bilməzdi”.
Şuşadan olan Abıyevlər ailəsi isə qələbə sevincini I Qarabağ savaşında Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən şəhid Füzuli Abıyevin barelyefinin qarşısında qeyd ediblər. Döyüşlər zamanı itkin düşən və bu gün də məzarı olmayan şəhidin bacısı Elmira Abıyeva deyib ki,
Ordumuz bu Qələbə ilə bütün şəhidlərin qisasını düşməndən layiqincə aldı: “Bu mənim 28 il ərzində arzum idi. Mən arzulayırdım ki, Şuşa işğaldan azad olunsun. Bu gün sevincimin həddi-hüdudu yoxdur. Qardaşımın qanı yerdə qalmadı. Ali Baş Komandan İlham Əliyevə və döyüşlərdə iştirak edən Ordumuza öz təşəkkürümüzü bildirirəm”.
Şuşanı uşaq ikən tərk edən Rəşad Məhərrəmov isə bu qədim şəhərdə yarımçıq qalan xatirələrini dilə gətirib: “Şuşadan çıxanda 8 yaşım vardı. Biz işğal vaxtı öncə Ağdama gəldik, sonra İmişlidə məskunlaşdıq. Orada oxduğum məktəb, evimiz, həyətimiz hər biri gözümün önündədir. Hətta bizim evə yaxın “Fındıqlı dərə” deyilən yer vardı, oraya gedib fındıq toplayardıq. Bu 28 ildə bütün xatirələrim yarımçıq qalmışdı, lakin Şuşamızın azad edilməsi xəbəri bu xatirələrə sanki bir can verdi. Bu zəfər yürüşü nəticəsində həmçinin şəhidlərimizin qisası alındı. Bütün şəhid valideynləri önündə baş əyirəm”.
1992-ci ildən Vətən həsrəti ilə yaşayan Kəmalə Məhərrəmova isə hisslərini belə ifadə edib: “Bizim bu gün ən sevincli anımızdı. Çünki bizim Vətən nisgilimiz başa çatdı. Ali Baş Komandan bu xəbəri açıqlayanda sevincimin həddi-hüdudu olmadı. Mən Şuşadan çıxarkən kədər göz yaşları ilə çıxmışdım, lakin Şuşama sevinc göz yaşlarımla qayıdacağam. Orada bizim ata-babamızın məzarı qalıb, onları ziyarət edərkən, öz el-obamıza qayıtdıqda 28 illik kədərlərimiz silinib yox olacaq”.
***
Xaçmazın Nabran kəndindəki “Dostluq” turizm bazasının ərazisində məskunlaşan Kəlbəcər sakini Vaqif Salmanovun ailəsi də doğma yurdlarının yaxın günlərdə işğalçılardan azad olunacağı xəbərini böyük sevinc hissi ilə qarşılayıb. 70 yaşlı Vaqif Salmanovun ürəyi 28 ildir yurd həsrəti ilə döyünür: “Mən Kəlbəcər rayonunun Qasımlar kəndindənəm. Allah heç kimə köçkünlük həyatı yaşatmasın. Çox şükür ki, torpaqlarımız düşmən tapdağından azad olundu. Biz də doğma Kəlbəcərimizə qayıtmağı səbirsizliklə gözləyirik. Doğma yurduma ayaqyalın belə getməyə hazıram”.
Kəlbəcər rayonunun Çaykənd kəndindən olan məcburi köçkün Fərman Salmanov keçən illər ərzində Vətən həsrətinin hər gün qəlbini göynətdiyini bildirib: “Kəlbəcər ərazisinə görə respublikamızda ən böyük rayonlardandır. Həm də bizim rayon təbii sərvətləri ilə zəngindir. Kəlbəcərdə elə bir ailə yoxdur ki, onun üzvlərindən şəhid və ya girov olmasın. Kəlbəcər o vaxtkı rəhbərlərin səriştəsizliyi səbəbindən işğal olundu. Lakin indi digər rayonlarımız kimi Kəlbəcər də işğaldan azad olunur. Ordumuzla fəxr edirik. Yaşasın Ali Baş Komandan!”.
***
Biləsuvar rayonu ərazisindəki məcburi köçkün qəsəbəsində məskunlaşan Cəbrayılın Əmirvarlı kəndinin sakinləri doğma yurdlarının azad edilməsinin sevincini yaşayırlar. Kənddən olan ailələrin bir-birindən fərqli arzuları var. Bir an öncə doğma kəndlərinə qayıtmağı gözləyən Quliyevlər ailəsinin arzusu öz doğma el-obalarında toy şənliyi etməkdir. Nazilə Quliyeva deyir ki, 27 illik kədər göz yaşları sevinc göz yaşları ilə əvəz olunub: “Kəndimizin azad edilməsini eşitmək bizim üçün ən böyük hədiyyədir. İndi səbirsizliklə o torpaqlara qayıtmağı gözləyirik. Kəndimizin azad olunması xəbərini eşidəndə sanki yenidən dünyaya gəldim. Bizim o kənddə acılı-şirinli xatirələrimiz olub. Erməni faşistləri bizi doğma yurdumuzdan didərgin saldı. Buna baxmayaraq, hər zaman ümidim var idi ki, o torpağa qayıdacağıq. Bir arzum var ki, övladımın toy şənliyini ata-baba yurdumda edim. Bu istəyimiz artıq gerçəkləşir”.